Fransız jurnaldan etiraf: “Ərdoğan qalib gəldi!”

Əlcəzair, Fransız kolonializmini “dövlət cinayəti” elan edən qanunu qəbul edərək tarixi bir addım atdı. Fransada nəşr olunan "Le Point" jurnalı isə, Makronun bu məğlubiyyətini “Ərdoğan qalib gəldi” başlığı ilə işıqlandırdı.

Sherg.az xəbər verir ki. Əlcəzair Parlamenti 24 dekabr 2025-ci ildə Fransız kolonializmini 1830-1962-ci illər dövrü üçün “dövlət cinayəti” hesab edən qanunu yekdilliklə qəbul edib. Qanun Fransadan rəsmi üzr, təzminat və talan edilmiş əmlakın geri qaytarılmasını tələb edir, kolonializmi tərifləyən yazı, çıxış və nəşrlərə isə ciddi cəzalar nəzərdə tutur.

"Le Point" jurnalı qeyd edir ki, bu qərar yalnız keçmişlə üzləşmə məqsədi daşımır; eyni zamanda Fransa ilə Türkiyə arasında uzun müddətdir davam edən nüfuz mübarizəsində mühüm rol oynayır. Xüsusilə son illərdə Türkiyə Əlcəzairlə iqtisadi və mədəni əlaqələrini gücləndirərək regionda təsirini artırıb. Ankara, bu prosesdə simvolik olaraq kolonializmin qurbanlarının səsi mövqeyinə yüksəlib və Fransanın Mağrib və Avropadakı təsirini balanslaşdırmağa çalışır.

"Le Point" jurnalı vurğulayır ki, Əlcəzairin tələbləri və Türkiyənin aktiv rolu Parisdə müəyyən bir sıxıntı yaradıb, regionda güc balansı sürətlə dəyişir.

Əlcəzair Parlamenti, Fransanın 1830-1962-ci illərdəki kolonial dövrünü cinayət sayan qanun layihəsini yekdilliklə təsdiqlədi. Səsvermə zamanı parlament üzvləri Əlcəzair bayrağı yelləyərək “Şəhidlər rahat yatsın, mübarizə davam etsin” şüarlarını səsləndirdi. Bu qanun, 130 ildən artıq davam edən Fransız kolonializmini rəsmi şəkildə ilk dəfə ictimai iclasda cinayət hesab edir.

Parlament sədri Bugali açıqlayıb ki, qanun Fransız kolonial cinayətlərinin sayılmasını, Fransız dövlətinin kolonial keçmişdən doğan məsuliyyətinin müəyyənləşdirilməsini, üzr və tanıma mexanizmlərinin yaradılmasını və kolonializmi tərifləyən propagandaya qarşı cinayət tədbirlərini nəzərdə tutur.

Əlcəzair 1830-cu illərdə Fransanın işğalına qarşı 1 noyabr 1954-cü ildə müstəqillik mübarizəsinə başlayıb. Təxminən 1,5 milyon insanın həyatını itirdiyi çətin mübarizə nəticəsində Əlcəzair 1962-ci ildə müstəqilliyinə qovuşub.

İnsan haqları təşkilatları və tarixçilər bildirirlər ki, 1830-1962-ci illərdə Fransız kolonial dövründə Əlcəzairlilərə qarşı qətliamlar həyata keçirilib və yüz minlərlə insan deportasiya olunub. Əlcəzair İnsan Haqları Müdafiə Birliyi isə bildirir ki, kolonial dövrdə təxminən 10 milyon insan həyatını itirib.

Fransa hələ də Afrikadakı ən qanlı və ən yeni kolonial tarix nümunəsi olan Əlcəzairdəki cinayətlərini rəsmi olaraq tanımır. Əlcəzairdə hər il 18 fevral Fransız koloniyasına qarşı mübarizədə həyatını itirənlər xatirəsinə Milli Şəhidlər Günü kimi qeyd olunur.