Gizli 589 milyonluq saziş! Tehran və Moskva anlaşması regionu partlayış həddinə çatdırır

ABŞ–İran danışıqlarının üçüncü raundu ərəfəsində Tehranla Moskva arasında gizli hərbi saziş imzalandığı iddia olunur. Sherg.azxəbər verir ki, "Financial Times" nəşrinin yaydığı sənədlərə əsasən, dəyəri 589 milyon dollar olan razılaşma çərçivəsində Rusiya İrana 500 ədəd “Verba” tipli daşınan hava hücumundan müdafiə qurğusu və 2 500 ədəd “9M336” raketi verəcək. Tədarükün 2027–2029-cu illərdə üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.

Razılaşmanın Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexport ilə İran Müdafiə Nazirliyi arasında əldə edildiyi bildirilir.

Məlumata görə, ötən ilin iyununda ABŞ-nin İranın üç əsas nüvə obyektinə zərbələr endirməsinə baxmayaraq, ölkənin nüvə potensialı tam məhv edilməyib. ABŞ Prezidenti Donald Tramp obyektlərin “tamamilə sıradan çıxarıldığını” desə də, kəşfiyyat qiymətləndirmələri proqramın yalnız bir neçə ay ləngidildiyini göstərib.

26 fevralda Cenevrədə şəhərində keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqları ərəfəsində regionda hərbi və diplomatik gərginlik artır. İranın ali dini lideri Əli Xamenei mümkün hücum halında fövqəladə fəaliyyət planının hazırlanmasına göstəriş verib. Rəsmi Tehran isə ABŞ-nin hücumu olacağı təqdirdə bunun “qanuni müdafiə” ilə cavablandırılacağını bəyan edib.

Analitiklərə görə, mümkün genişmiqyaslı qarşıdurma Orta Şərqdə zəncirvari böhrana və enerji bazarlarında ciddi sarsıntılara səbəb ola bilər.