“Güclü olduq, amma işğalçı olmadıq” - Prezidentin siyasəti beynəlxalq alqış qazandı - ŞƏRH

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər regionda onilliklər boyu davam edən münaqişəyə son qoyaraq, sülh erasının əsasını qoydu. Bu mütləq qələbə təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüququn aliliyinin və ədalətin zəfəri kimi dünya tarixinə düşdü. Azərbaycanın təqdim etdiyi sülh modeli münaqişələrin həllində hərbi qüdrətlə diplomatik uzaqgörənliyin vəhdətini nümayiş etdirən nümunəvi bir təcrübə oldu. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondunun Azərbaycanın bu nailiyyətini ali mükafatla təltif etməsi Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə qəbul edildiyinin bariz göstəricisidir. Mükafat İlham Əliyevə Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Bu tarixi hadisə Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin sülh quruculuğu missiyasının qlobal miqyasda ən yüksək səviyyədə təsdiqi hesab oluna bilər. Prezident İlham Əliyevin sülh siyasəti sadəcə, münaqişəyə son qoyulması deyil, regionun gələcək onilliklər üçün təhlükəsizlik arxitekturasının qurulması strategiyasıdır. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edəndən sonra gözləmə mövqeyi tutmadı, əksinə, Ermənistana 5 baza prinsipi əsasında sülh müqaviləsi təklif edərək gündəmi diktə edən tərəf oldu. Dünya tarixində nadir hallarda rast gəlinir ki, hərbi yolla öz torpaqlarını azad edən tərəf dərhal sonra qarşı tərəfə genişmiqyaslı sülh təklif etsin. Azərbaycan savaşda qələbə qazanaraq, həm də regionu inkişaf və əməkdaşlıq məkanına çevirməyi hədəfləyib. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Sherg.az”a bildirib ki, Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun beynəlxalq səviyyədə sülhün təşviqi, dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətinin nəticəsidir. Deputat əlavə edib ki, bu mükafat Prezidentin tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış dəyərlərinə verdiyi önəmin qlobal miqyasda tanındığını göstərir. Azərbaycan bu siyasət sayəsində müxtəlif sivilizasiyalar arasında dialoq üçün etibarlı platformaya çevrilib. Dövlət başçısının təşəbbüsləri sülh və əməkdaşlığın güclənməsinə real töhfələr verir:

"Bu mükafat 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təsis edilib və Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Şübhəsiz ki, mükafat həm də dini tolerantlıq, dinlərarası dialoq, sülhün, haqqın, ədalətin bərqərar olması üçün xidmətlər göstərən liderlərə, din xadimlərinə təqdim edilir. İlk mükafat Roma Papası Fransiskə verilib. Azərbaycan Prezidentinin bu mükafata layiq görülməsi Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı içərisində dialoqun, tərəfdaşlığın artmasına verdiyi xidmətlərə görədir. İstər Qoşulmama Hərəkatında sülhü, dəyərləri təbliğ etməklə haqqı tapdalanan xalqların problemlərini qlobal gündəmə gətirməklə, onların haqlarının, hüquqlarının qorunması üçün gördüyü böyük işlərə görədir. Nəhayət, əzilən müsəlmanların haqq səsinə çevrilməsinə görə verilən mükafatdır".

Həmin müsəlmanların içərisində bizim də olduğumuzu xatırladan H. Babaoğlu qeyd edib ki, torpaqlarımızın işğal olunmasının bir səbəbi də dünyanın Ermənistan tərəfindən məhz islamofob dünyagörüşünə söykənərək çıxış etməsi, erməni cinayətkarların Azərbaycan xalqına, Azərbaycanda yaşayan müsəlmanlara qarşı törətdiyi cinayətə göz yummaları idi:

“Ona görə də əzilən, hüquqları pozulmuş insanlar deyəndə Azərbaycan xalqı da bu sıraya aid edilirdi. İşğal altında qalan İslam mədəniyyətinin, məscidlərin təhqir olunması da ülvi dinimizin dəyərlərinə qarşı törədilən cinayətlər idi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidentinin fəaliyyəti, qətiyyəti nəticəsində sona çatdı. Biz həm İslamın ucqarı hesab olunan Cənubi Qafqazda İslam dininin öndərliyini etdik, onun dəyərlərini qoruduq, həm də xalqımızın torpaqlarını özünə qaytardıq. Buna paralel olaraq Azərbaycanda dinlərarası diaqloqlar təşviq edildi, məhzəblərarası tolerantlıq möhkəmləndirildi. Biz güclü olsaq da, başqalarının torpaqlarına göz dikmədik. Bütün bunlar yeni dəyərlər yaratdı. Düşünürəm ki, Azərbaycan Prezidenti də belə bir mükafatı haqq etdiyi üçün onunla da təltif edilib".