Gürcü analitik: Bakı və İrəvan arasında saatları uyğunlaşdırmağın tam zamanıdır

“Azərbaycan və Ermənistan arasında saatları uyğunlaşdırmağın tam zamanıdır”.

Teleqraf xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib.

Ekspertin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə keçirilən beynəlxalq tədbir çərçivəsində görüşə bilər:

“Bu günün əsas hadisəsi Antalyada keçirilən COP31 liderlər sammitidir. Burada bir araya gəlib söhbət etmək üçün fürsət var. Əliyev və Paşinyan da bunu edə bilər. Mövcud şəraitdə isə belə bir görüş heç də pis olmazdı. Onların son görüşündən bəri çox şey baş verib, odur ki, saatları uyğunlaşdırmağın tam zamanıdır.

Burada əsas məqam budur: hər iki liderin ən azı bəyan etdikləri bir məqsədi var - bir daha müharibənin yaşanmaması naminə xalqları üçün davamlı sülhə nail olmaq. Bu məqsəd bütün vasitələrə haqq qazandırır.

Bu ölkələrin ətrafında siyasi vəziyyət necə dəyişir-dəyişsin, Vaşinqtonda, Parisdə, Tehranda, hətta Moskvada kim hakimiyyətdə olur-olsun, ermənilər və azərbaycanlılar bir daha heç vaxt bir-birinə atəş açmamalıdır. Bu gün əsas məsələ məhz budur - nə dostluq, nə Vahid Qafqaz Evi haqqında arzular, nə də möhtəşəm gələcəyin rəngarəng mənzərələri. Sadalananların hamısı reallaşa da bilər, reallaşmaya da. Davamlı sülhə nail olmaq isə bu günün birinci dərəcəli vəzifəsidir.

Burada illüziyalardan və iddialardan uzaq durmaq, xaricdəki dəyişikliklərə fikir vermədən sadəcə bu məqsədə doğru irəliləmək son dərəcə vacibdir. O zaman hər şey alınacaq”.

Gela Vasadze vurğulayıb ki, Gürcüstanı həmin sammitdə Prezident Mixeil Kavelaşvili təmsil edir:

“Əlbəttə, o, çıxış edəcək, bəlkə də yaxşı danışacaq. Amma izah edin görüm, Əliyev və ya elə Paşinyan Kavelaşvili ilə nə barədə danışa bilər? Fikrimcə, məni çox yaxşı başa düşdünüz: biz yenə kənarda qalmışıq.

Qərar qəbul edən şəxslər arasında şəxsi təmasların nə qədər vacib olduğunu izah etməyə ehtiyac varmı? Bütün bu illər ərzində bizim ən yüksək vəzifəli şəxsimizin belə təmasları cəmi bir dəfə olub - Azərbaycan Prezidenti ilə. Vəssalam.

Belə vəziyyətdə ölkənin ağlabatan siyasətindən necə danışmaq olar? Nəticə göz qabağındadır”.