Gürcüstan Aİ kursundan uzaqlaşır? - Politoloqdan İZAH

"Baltikyanı ölkələrin rəhbərliyi Gürcüstanı yenidən açıq şəkildə Avropa kursuna qayıtmağa çağırır və bu istiqamətdə siyasi siqnallar verir"

Estoniya Gürcüstanda və Ermənistanda akkreditə olunmuş səfiri Marqe Mardisala-Kaxarın Tbilisidəki fəaliyyətinə son verib. Estoniyanın Xarici İşlər Nazirliyinin qərarına əsasən, bu vaxta qədər iqamətgahı Tbilisidə yerləşmiş səfir mart ayından etibarən İrəvanda fəaliyyət göstərəcək. Dəyişikliyin edilməsinin səbəbi Estoniya ilə Gürcüstan arasında münasiblətlərin soyuması, eyni zamanda Ermənistanla əlaqələrin möhkəmləndirilməsidir. Marqe Mardisala-Kaxar Gürcüstandakı missiyasını martın 10-da başa çatdıracaq. 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “Sherg.az”a deyib ki, Gürcüstanla Avropa İttifaqı arasında son dövrlərdə fikir ayrılıqları yaranıb:

“ Başlıca səbəb Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin ləngiməsi, eyni zamanda Rusiyaya yaxınlaşma ilə bağlı iddialardır. Bu səbəbdən Gürcüstanın xarici siyasət kursu və Avropa strukturları ilə münasibətləri tez-tez müzakirə olunur. Rusiyaya yaxınlaşma ilə bağlı irəli sürülən ittihamlar isə münasibətlərin gərginləşməsinə əlavə təsir göstərir. Xüsusilə Polşa və Baltikyanı ölkələr daha sərt mövqe nümayiş etdirirlər. Çünki həm Polşa, həm də Baltikyanı dövlətlər Avropa İttifaqı çərçivəsində Rusiyaya qarşı daha prinsipial və sərt siyasət tərəfdarı kimi çıxış edirlər. Bu kontekstdə Gürcüstanın indiki mövqeyi ilə bağlı kəskin qərarlar qərarlar heç də təəccüblü deyil. Baltikyanı ölkələrdən biri olan Estoniya da təhlükəsizlik məsələlərində fəal mövqeyi ilə seçilir və bu istiqamətdə sərt yanaşmanı davam etdirir. Ümumilikdə, Polşa və Baltikyanı ölkələrin rəhbərliyi Gürcüstanı yenidən açıq şəkildə Avropa kursuna qayıtmağa çağırır və bu istiqamətdə siyasi siqnallar verir. Nəticə etibarilə, Gürcüstanla münasibətlərdə gərginlik artan fonda davam edir və Avropa kursu məsələsi əsas müzakirə mövzusu olaraq qalır”.