Gürcüstan polisi keçmiş dövlət naziri Georgi Baramidzeni saxlayıb

Gürcüstanda müxalif “Vahid Milli Hərəkat” partiyasının liderlərindən və keçmiş dövlət naziri Georgi Baramidze dövlətə xəyanət və sabotaj işi üzrə saxlanılıb.

Sherg.az xəbər verir ki, Baş prokurorun müavini Amiran Quluaşvilinin sözlərinə görə, Baramidze məhkəmə qərarı əsasında saxlanılıb.

İstintaqa səbəb siyasətçinin 1992–1993-cü illərdəki Gürcüstan-Abxaziya münaqişəsi ilə bağlı açıqlamaları olub. Baramidze müsahibəsində Gürcüstan hərbçilərinin Abxaziyada əsirləri güllələdiyini bildirib. Daha sonra isə sözlərinin münaqişənin yalnız müəyyən mərhələsinə aid olduğunu açıqlayıb.

Bundan sonra Gürcüstan Baş Prokurorluğu onun barəsində dövlətə xəyanət və sabotaj maddələri ilə araşdırmaya başlayıb.