Sığorta məbləği turistin ölkədə qalacağıl müddətə görə dəyişəcək
AZAL Gürcüstana səfər etməyə hazırlaşanlara xəbərdarlıq edib. Bu ölkəyə səfər edənlər tibi sığorta məbləği ödəməli olacaqlar. Bu qaydanı Gürcüstan hökuməti tətbiq edir. Qərara əsasən, 01 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, qaydalar Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə daxil olan bütün xarici vətəndaşlara şamil olunur. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 yanvar 2026-cı il tarixindən sonra Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə səyahətə hazırlıq zamanı yeni tələbləri əvvəlcədən nəzərə almağı və uçuşdan öncə tibbi sığortanı rəsmiləşdirməyi tövsiyə edir. Müəyyən edilmiş tələblərə əsasən, xarici vətəndaşlar ölkədə olduqları bütün müddət ərzində, yəni giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisinə malik olmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir. Sığorta Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən təqdim edilə bilər. Sənəd elektron və ya kağız formada təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir. Sığorta aşağıdakı məlumatları özündə əks etdirməlidir:
- Sığorta müqaviləsinin tərəfləri;
- Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi;
- Sığortanın predmeti;
- Sığorta təminatının qüvvəyə minmə və bitmə tarixləri;
- Sığorta riskləri;
- Sığorta təminatının məbləği (limitlər);
- Sığorta haqqının məbləği;
- Ödənişin yeri və şərtləri.
Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanununa əsasən tətbiq edilir. Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarı 01 yanvar 2026-cı il tarixində qüvvəyə minir.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, məlum qərar Gürcüstana turist axınını azalmasına səbəb ola bilər:
-Əslində bu qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minməli idi. Amma görünür, üməyyən riskləri nəzərə alaraq müddəti 1 il uzatdılar. Yeni qayda 2026-cı mil yanvarın 1-dən qüvvəyə minəcək. Gürcüstan hökuməti ilə turizm şirkətləri arasında hələ də ciddi müzakirələr gedir. Hesab edirlər ki, belə bir tələb turist sayının azalmasına səbəb ola bilər. Hesav edirəm ki, bu, məntiqsiz qərardır. Turistlərə əlavə problem yaradacaq. Turizm şirkətləri üçün də sərfəli olmayacaq. Ola bilər vəziyyəti təhlil edib, zərərləri nəzərə alıb qərarı bir müddət sonra ləğv etsinlər.
N.Cəfərli bildirdi ki, qərar qüvvəyə mindikdən sonra Gürcüstana səfər edənlərdən tibbi sığorta olunmalarına dair sənəd tələb olunacaq:
- Tibbi sığorta olunmalarına dair sənədi turistlər öz ölkələrində elektron formada, ingilis dilində əldə edə bilərlər, yaxud da Gürcüstandakı turizm şirkəti tərəfindən rəsmiləşdirə bilərlər. Sığorta məbləği turistin ölkədə qalacağıl müddətə görə dəyişəcək. Məbləğ 15 ABŞ dollarından başlayır, ölkədəqalma müddətindən asılı olaraq artacaq.