Suriya Demokratik Qüvvələrinə (SDQ) aylar əvvəl xəbərdarlıq edildiyi bildirilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, SDQ-yə verilən vaxt artıq başa çatıb və Suriya hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün mübarizə aparır.
Nazirin sözlərinə görə, SDQ-nin həqiqi niyyəti ilə bağlı əvvəllər ifadə edilən narahatlıqlar təəssüf ki, özünü doğruldub və bu vəziyyət sülh səyləri baxımından bədbin mənzərə yaradıb. Hakan Fidan vurğulayıb ki, hazırkı mərhələdə SDQ-nin əlində olanları nəyin bahasına olursa-olsun qorumaqda israr etməsi Suriyanın sülhə və sabitliyə qovuşmasının qarşısındakı ən böyük maneədir.
O qeyd edib ki, bu uzlaşmaz mövqe Suriyanın və regionun reallıqları ilə ziddiyyət təşkil edir. Türkiyə XİN başçısı əlavə edib ki, SDQ terrora və separatçılığa artıq son qoymalıdır.
Nazirin sözlərinə görə, bu çərçivədə Suriya, ABŞ və İsrail arasında aparılan danışıqların bölgənin mənafeyinə uyğun, Suriyanın ərazi bütövlüyünü, təhlükəsizliyini və kəşfiyyat imkanlarını nəzərə alan nəticələr verməsi arzulayır, bu prosesi təşviq edir və yaxından izləyirlər. Hakan Fidan qeyd edib ki, zərurət yarandığı halda Türkiyə birbaşa müdaxilədən də çəkinməyəcək və tərəflərlə dialoq qurmaq baxımından heç bir çətinlik yoxdur.