Azərbaycançılıq ideyasının təbliği
Azərbaycan xalqı bu günlərdə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir. Qədirbilən xalqımız Azərbaycan dövlətçiliyini xilas etmiş, Vətənimizin bölünməsinin, separatizmin qarşısını almış dahi şəxsiyyətə vəfa borcunu yerinə yetirir. Heydər Əliyev siyasi hakimiyyətə rəhbərlik etməyə başladığı vaxtdan Azərbaycanda hər sahədə inkişaf, yenidənqurma başladı, xalqın milli dəyərlərinə, tarixinə ehtiram göstərildi. Ulu Öndərin 1993-cü ildə ölkəmizin, xalqımızın taleyində ən ağır bir zamanda hakimiyyətə qayıdışı Azərbaycanda siyasi sabitliyin bərqərar olmasına və yeni iqtisadi inkişafa yol açdı. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri əvəzsizdir. Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri də xalqımızı vahid ideya – azərbaycançılıq ideyası ətrafında birləşdirməkdir. Vətəninə, xalqına qəlbən bağlı olan Heydər Əliyev vahid Vətən ideyasını dövlət siyasəti səviyyəsinə yüksəltdi və dünyada yaşayan hər bir azərbaycanlını bu ideya ətrafında səfərbər edə bildi. Ümummilli Liderin anım günü münasibətilə hazırda bütün ölkə boyu tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və partiyanın Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev zirvəsi” mövzusunda keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. “Bakı KOB evi”ndə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: “Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Əldə olunan uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası dayanır”. Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. Z.Musayeva bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi adını tariximizə əbədi həkk etdirib: “Bu gün məhz Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni zirvələr fəth edir. Uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazandı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu”. Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev xalqımızın tarixində silinməz iz qoymuş, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasətində öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə seçilən dahi şəxsiyyətdir. O.Məmmədov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan iqtisadiyyatını yeni fəlsəfi əsaslarla qurmasıdır: “Ümummilli Lider Heydər Əliyevin iqtisadi strategiyasında sahibkar və sahibkarlıq fəaliyyəti xüsusi rol oynayır. Ulu Öndər sahibkarlığı milli iqtisadi gücün əsas dayağı kimi qiymətləndirirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə sahibkarlığın hüquqi bazası formalaşdı, özəl mülkiyyətin toxunulmazlığı, azad rəqabət, əlverişli investisiya mühiti, KOB-ların dəstəklənməsi kimi prinsiplər dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi”. O.Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan bütün mexanizmlər - investisiyaların təşviqi, güzəştli kredit mexanizmi, rəqəmsal xidmətlər və yeni iqtisadi yanaşmalar əsasında biznes mühitinin yaxşılaşdırılması məhz Ulu Öndərin əsasını qoyduğu təməl üzərində Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə isə mövzu ilə bağlı məruzəçi qismində çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini deyib: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi”. Dilarə Seyidzadə qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda xalqına dayaq oldu. O bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Heydər Əliyev bildirirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Ulu Öndərin torpaq, Vətən sevgisi böyük idi. “Mən “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızın işğaldan azad olunmasını xüsusi vurğulamaq istəyirəm. O yumruqda xalqımızın birliyini görürəm. Bu, milli birlikdir, Heydər Əliyevin arzusunun reallıqda təsdiqidir. 44 gündə Azərbaycan bütün dünyaya göstərdi ki, qalib ölkədir. Bu, Heydər Əliyev siyasətinin bəhrəsidir. O, xalqını, dövlətini elə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana İlham Əliyev kimi dövlətini, xalqını sevən lideri bəxş etdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirin. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan bütün sahələrdə inkişaf edir. Ərazi bütövlüyümüzün təmin olunması, işğala son qoyularaq azad edilmiş torpaqlarımızın cənnətə çevrilməsi üçün görülən işlər Heydər Əliyev siyasətinin təntənəsidir”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb. 
Ümummilli Liderin xatirəsi təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da ehtiramla qeyd edilir. Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə Buxarestdə “Azərbaycan və Rumıniya arasında münasibətlərin qurulmasında Heydər Əliyevin rolu” adlı “dəyirmi masa” təşkil edilib. Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən, Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi dövlətçiliyimizdəki xidmətlərindən danışıb. Heydər Əliyev irsinin günümüzdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayan səfir çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə toxunaraq onun bütövlükdə Cənubi Qafqaz regionuna sülh gətirdiyini qeyd edib. O, cari ilin avqustun 8-də Vaşinqtonda imzalanmış sənədin və Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırıb, artıq Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasını ölkəmizin xoş niyyət göstəricisi kimi səciyyələndirib. Daha sonra Rumıniyanın keçmiş Prezidenti, Rumıniya Demokratiya Fondunun rəhbəri Emil Konstantinesku tədbirə göndərdiyi videomüraciətdə Ümummilli Liderlə bağlı xatirələrini danışıb, ötən əsrin 90-cı illərində Şərq-Qərb nəqliyyat dəhlizinin və TRACECA layihəsinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs edib. Mərasimdə Rumıniya Senatının üzvləri Sebastian Çernik, Katalin Daniel Fenekiu, Kristian Şipoş, deputatlar Adrian Solomon və Amet Varol, Türkiyə Cümhuriyyətinin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan, Pakistanın səfiri İlyas Mahmud Nizami, Gürcüstanın səfiri Tamar Beruçaşvili, Rumıniya müsəlmanlarının müftisi Yusuf Murat və digərləri çıxış edərək mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki müstəsna roluna, müasir Azərbaycanın dünyada tutduğu xüsusi yerə yüksək qiymət veriblər. Tədbirin sonunda Ümummilli Liderin anım gününə həsr edilmiş qısametrajlı sənədli film izlənilib. Dəyirmi masa Rumıniya televiziya kanalları və mətbuatı tərəfindən geniş işıqlandırılıb. Tədbirdə Qazaxıstanın Rumıniyadakı Səfirliyinin təmsilçiləri, “SOCAR Petroleum SA” şirkətinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi, Rumıniyada yaşayan və fəaliyyət göstərən türk və İran azərbaycanlılarının icmalarının nümayəndələri də iştirak ediblər. Həmçinin mərasim iştirakçılarına Ümummilli Liderin keçdiyi həyat yoluna və Azərbaycan naminə gərgin fəaliyyətinə, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilib. Tədbir ərzində bu fikir əsas olub ki, Heydər Əliyev ideyaları daim yaşayacaq və dünya durduqca Azərbaycanın firavan gələcəyinə xidmət etmiş olacaq.