Hökm verildi: İmamoğlu Ərdoğana 150 min lirə təzminat ödəyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, özünə yönəlmiş açıqlamalara görə Əkrəm İmamoğlu barəsində açdığı mənəvi təzminat iddiası üzrə qərar elan olunub.

İstanbul 23-cü Asliye Mülki Məhkəməsində keçirilən iclasda tərəflərin vəkilləri iştirak ediblər.

Məhkəmə iclasında çıxış edən iddiaçı tərəfin vəkili Ferah Yıldız bildirib ki, Əkrəm İmamoğlunun iddiaya mövzu olan ifadələri açıq şəkildə onun müvəkkili Prezident Ərdoğanı və dövlət qurumlarını hədəf alıb. O, qarşı tərəfin iddialarını sübut edəcək hər hansı əsaslı dəlil təqdim etmədiyini vurğulayıb.

Cavabdeh tərəfin vəkili isə iclasın təxirə salınmasını xahiş edib.

Hakim əvvəlki iclaslarda işin şifahi icraat qaydasında aparılması barədə aralıq qərar verildiyini və tərəflər iclasa gəlmədiyi təqdirdə işin qərarla nəticələnəcəyinin bildirildiyini qeyd edib.

Son söz verilən vəkil Ferah Yıldız iddianın tələblər əsasında təmin olunmasını istəyib.

Məhkəmə 150 min lirə təzminata qərar verdi

Qərarı açıqlayan hakim iddianın qismən təmin edildiyini bildirərək, 150 min lirə məbləğində mənəvi təzminatın hadisə tarixindən etibarən hesablanacaq qanuni faizi ilə birlikdə Əkrəm İmamoğlu dan tutularaq Prezident Rəcəb Tayyib Ərdoğana ödənilməsinə hökm edib.

Nə baş vermişdi?

Prezident Ərdoğanın vəkili Ahmet Özəl tərəfindən İstanbul Növbətçi Asliye Mülki Məhkəməsinə təqdim edilən iddia ərizəsində bildirilirdi ki, həbs olunmasından sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu 20 mart 2025-ci il tarixində sosial media hesabında Prezident Ərdoğanın şəxsiyyəti və peşəkar fəaliyyəti ilə bağlı ifadələr səsləndirib.

Ərizədə qeyd olunan qanunsuz hərəkətə görə iddianın təmin edilməsi və 250 min lirə məbləğində mənəvi təzminatın hadisə tarixindən etibarən hesablanacaq qanuni faizi ilə ödənilməsi tələb olunmuşdu.

Qalereya