Onlarla icra başçısının həbs olunması, işdən azad edilməsi və ya vəzifədən kənarlaşdırılması bu qurumlarda müsbət dəyişiklik yaratmayıb
Son illərdə icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı narazılıqlar getdikcə artmaqdadır. Vətəndaşlar problemlərinin vaxtında həll olunmamasından, şəffaflığın təmin edilməməsindən və idarəetmədəki səmərəsizlikdən şikayətçidirlər. Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun vəzifəsindən azad edilməsi də ölkədə icra hakimiyyətlərinin institut olaraq artıq effektivliyini itirdiyini göstərən bariz nümunədir.
Məlumat üçün bildirək ki, Elxan Oqtay oğlu İbrahimov bu ilin noyabrın 12-si Prezidentin sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. 43 yaşlı E.İbrahimov Nəsimi rayonundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı idi.
ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında bildirib ki, icra hakimiyyətlərinin uğursuzluğu artıq sistemin özündən qaynaqlanır və onların ləğvi ilə yerli idarəetmə səlahiyyətlərinin bələdiyyələrə verilməsi zəruridir:
“Mən sözügedən başçının bu qədər qısa müddətdə vəzifəsindən azad edilməsinin dəqiq səbəblərini bilmirəm, çünki hələlik bu barədə ictimaiyyətə rəsmi açıqlama verilməyib. Yəqin ki, dövlət orqanlarının bu qərarda haqlı əsasları vardır. Lakin bu hadisə bir daha göstərir ki, icra hakimiyyəti idarəetmə institutu artıq öz miladını doldurub və bu sistemi birdəfəlik ləğv etmək lazımdır. Mümkün deyil ki, icra hakimiyyətlərində yaşanan sistematik problemlər yalnız konkret şəxslərin səhvlərindən və ya nöqsanlarından qaynaqlansın. Onlarla icra başçısının həbs olunması, işdən azad edilməsi və ya vəzifədən kənarlaşdırılması bu qurumlarda müsbət dəyişiklik yaratmayıb. Bu isə göstərir ki, məsələ daha çox institutsional strukturlardan, idarəetmə mexanizmlərindən və şəffaflıq çatışmazlıqlarından irəli gəlir.
Göründüyü kimi problemi yalnız fərdlər üzərindən həll etməyə çalışmaq qeyri-effektivdir. Bu baxımdan, icra hakimiyyətlərinin ləğvi və onların səlahiyyətlərinin seçilmiş orqanlara, yəni bələdiyyələrə verilməsi zəruridir. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, vətəndaşların birbaşa seçdiyi yerli nümayəndələr vasitəsilə yerli məsələlərdə qərarvermə prosesinə cəlb olunması, həm şəffaflığı artırar, həm də yerli problemlərin operativ həllinə imkan verər.
İctimaiyyət bu dəyişiklikləri uzun müddət gözləyir, çünki effektiv və vətəndaş mərkəzli idarəetmə yalnız institutsional dəyişikliklərlə mümkündür. İcra hakimiyyətlərinin uzun illərdir davam edən yetərsiz fəaliyyəti göstərir ki, fərdi yanaşmalarla nəticə əldə etmək qeyri-mümkündür və sistemin köklü islahatlara ehtiyacı vardır”.