İlham Əliyevin adının beynəlxalq səviyyədə önə çıxması təsadüfi deyil - RƏY

Bu mükafat həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün Azərbaycanın sülh gündəliyinə verilən mühüm mesaj kimi dəyərləndirilə bilər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Mükafata Azərbaycan Prezidenti İlham Əliyev də layiq görülüb.

Qeyd edək ki, bu mükafat 2019-cu ildən etibarən təqdim olunur. Mükafat 4 fevral 2019-cu il tarixində Əbu-Dabidə Əl-Əzhərin Böyük İmamı professor Əhməd Əl-Tayyib və Müqəddəs Papa Fransisk arasında keçirilən tarixi görüşü qeyd etmək üçün təsis edilib. Görüş zamanı onlar İnsan Qardaşlığı Sənədini imzalayıblar. Bəşəriyyət arasında barışığa və sülhə çağıran bu bəyannamənin tarixi əhəmiyyəti nəzərə alınmaqla, iki dini lider 2019-cu ildə bu mükafatın fəxri laureatları seçiliblər.

Qlobal olaraq qəbul edilən bu nüfuzlu mükafat bəşəriyyətdə sülhə və əməkdaşlığa töhvə verən, insanların həyatının daha yaxşılaşdırılmasına təsir göstərən şəxslərə verilir. Mükafata layiq görünənlər arasında BMT-nin baş katibi Antonio Guterres, Roma Papası Francis kimi tanınmış simalar var.

Azərbaycan Prezidentinin bu nüfuzlu mükafata layiq görülməsi onun bir sıra qlobal təşəbbüslərin müəllifi olması və regionda sülh və əməkdaşlığın formalaşmasına töhvəsi ilə bağlıdır.

Uzun illər davam edən işğala son qoyan Azərbaycan 44 günlük müharibədən dərhal sonra revanşizm və qarşıdurma yolunu deyil, sülh, əməkdaşlıq və inteqrasiya xəttini seçdi.

Postmünaqişə dövründə Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıq Azərbaycanın yalnız hərbi-siyasi deyil, eyni zamanda diplomatik və mənəvi liderlik iddiasını da ön plana çıxardı. Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi regionun gələcəyini müəyyən edən əsas siyasi xəttə çevrildi.

Müharibədən qalib çıxan bir ölkənin sülh təşəbbüsləri ilə çıxış etməsi və regional sabitliyi prioritet elan etməsi qlobal miqyasda diqqətlə izlənilən nadir nümunələrdəndir.

Eyni zamanda, Prezident İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq çağırışları Azərbaycanın qlobal barış gündəliyinin fəal iştirakçısı kimi qəbul olunmasına şərait yaradır. Bu siyasət təkcə regional sabitliyə deyil, həm də beynəlxalq təhlükəsizlik arxitekturasına töhfə vermək məqsədi daşıyır. İndi əksər ölkələr Azərbaycanla daha dərinləşmiş əməkdaşlıqlar qurmaqla Prezident İlham Əliyevin müəllifi olduğu regional layihələrdə bilavasitə iştiraka çalışırlar. Bu isə Azərbaycan Prezidentinin şəxsi nüfuzunun və liderlik bacarığının bir daha təsdiqidir.

Məhz bu kontekstdə Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təsadüfi deyil. Bu mükafat təkcə fərdi liderliyə verilən qiymət deyil, 44 günlük müharibədən sonra sülhü strateji seçim kimi təqdim edən, Böyük Qayıdışla humanitar dəyərləri ön plana çıxaran və dünyada barış mövqeyi ilə tanınan Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın qalib ölkə kimi sülhün əsas memarlarından biri olduğunu bir daha təsdiqləyir.

Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri, beynəlxalq məsələlər üzrə eksper Əziz Əlibəyli "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın regionda barış və əməkdaşlıq modelini formalaşdıran qlobal miqyaslı liderlik xəttinin beynəlxalq səviyyədə tanınmasının rəmzidir: "Azərbaycanın həyata keçirdiyi sülh siyasəti və sülh quruculuğu fəaliyyəti bu gün beynəlxalq müstəvidə ciddi əks-səda doğurur. Qlobal miqyasda sülh indeksi, təhlükəsizlik, münaqişə və müharibə riskləri ilə bağlı aparılan araşdırmalar göstərir ki, dünya yeni və daha mürəkkəb çağırışlarla üz-üzədir. Bu kontekstdə Davos Platformasında açıqlanan qlobal risk xəritəsi də beynəlxalq sistemdə qeyri-sabitliyin artdığını açıq şəkildə ortaya qoyur.

Belə bir şəraitdə Azərbaycanın regionda və daha geniş coğrafiyada sülhün təşviqi istiqamətində atdığı addımlar xüsusi əhəmiyyət kəsb edir. Postmünaqişə dövründə ölkəmizin sülh gündəliyini ön plana çıxarması, dialoq və əməkdaşlıq çağırışları ilə çıxış etməsi Azərbaycanın beynəlxalq imicini gücləndirən əsas amillərdəndir. Bu, Azərbaycanın yalnız regional aktor deyil, eyni zamanda qlobal sülh proseslərinə töhfə verə bilən məsuliyyətli dövlət kimi qəbul olunmasına şərait yaradır".

Ə. Əlibəyli qeyd edib ki, dünyada müharibələrin və geosiyasi qarşıdurmaların artdığı bir vaxtda Azərbaycan üzərindən sülhün qorunması və sabitliyin təmin olunması modeli formalaşırsa, bu, şübhəsiz ki, müsbət və strateji əhəmiyyət daşıyan bir prosesdir: "Məhz bu ümumi yanaşmanın fonunda Prezident İlham Əliyevin adının beynəlxalq səviyyədə önə çıxması təsadüfi deyil.

Şeyx Zayed İnsan Qardaşlığı Mükafatı isə təkcə fərdi liderliyə verilən qiymət deyil, eyni zamanda Azərbaycanın sülhə, təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin yüksək səviyyədə tanınmasının göstəricisidir. Bu mükafat həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün Azərbaycanın sülh gündəliyinə verilən mühüm mesaj kimi dəyərləndirilə bilər".