İran müharibəsi proqnozlaşdırılandan daha uzun çəkəcək - Samet Zenginoğlunun "Şərq"ə AÇIQLAMASI

"Qarşılıqlı hücumlar davam edir və ABŞ-İsrail oxu hələlik aydın bir üstünlük əldə etməyib"

ABŞ, İsrail və İran arasında baş verən hərbi qarşıdurma Yaxın Şərqdə onsuz da həssas olan geosiyasi balansı daha da gərginləşdirib. Müharibənin ilk həftələrində tərəflərin qısa müddətdə nəticə əldə edəcəyi ilə bağlı gözləntilər var idi. Lakin gözlənilən kimi olmadı. 

Hazırkı mərhələdə tərəflərin mövqeləri və regional aktorların çağırışları münaqişənin gələcək istiqamətinin müəyyənləşməsində mühüm rol oynayır. Xüsusilə diplomatik təşəbbüslər qarşıdurmanın genişlənməsinin qarşısını almaq baxımından diqqət mərkəzindədir. Region ölkələrinin və beynəlxalq ictimaiyyətin yanaşmaları münaqişənin gedişinə təsir edə bilər. 

Beynəlxalq münasibətlər üzrə ekspert Dr. Samet Zenginoğlu Sherg.az-a ABŞ-İsrail-İran müharibəsi, müharibənin gələcəyi və Türkiyənin mövqeyindən danışıb:

"ABŞ-İsrail-İran müharibəsində iki həftəni geridə qoyduq. Görünən odur ki, müharibə əvvəlcədən proqnozlaşdırılandan daha uzun çəkəcək. Hər nə qədər ABŞ müharibənin 1 və ya 1,5 ay kimi bir müddətdə bitəcəyini nəzərdə tutsa da, hazırda bu, mümkün görünmür. Çünki qarşılıqlı hücumlar davam edir və ABŞ-İsrail oxu hələlik aydın bir üstünlük əldə etməyib. Bundan əlavə, Ayətullah Müctəba Xamenei də qisasın mütləq alınacağına dair açıqlamalar verib".

Ekspert İranın sülhə razı olmayacağını söyləyib:

"Donald Tramp bəzən “bu müharibənin qəti şəkildə bitdiyini” elan etsə də, bəzən də “daha uzun bir yolun” olduğunu bildirir. Lakin görünən odur ki, ABŞ hansı baxımdan yanaşılsa da, prosesin mümkün qədər tez bitməsini istəyir. Çünki müharibənin xərcləri hər gün artır. Bundan başqa, ABŞ ictimaiyyəti səbəbini tam anlamadığı bir müharibənin içində olmaq istəmir.

Ancaq İran indidən müharibənin təzminatından danışır. Həm verilən insan itkiləri, həm də hərbi sahədə yaşanan itkilər səbəbindən İran “məğlub” kimi görünməmək üçün sülh masasına yaxın durmayacaq".

Müsahibimiz vurğulayıb ki, Türkiyə bu prosesdə tərəfləri təmkinə, sağlam düşüncəyə və diplomatiyaya çağırır: 

"Həm humanitar, həm siyasi, həm də iqtisadi baxımdan bölgənin ciddi itkilərlə üzləşəcəyi məlum həqiqətdir. Türkiyənin son illərdə regional və qlobal problemlər qarşısında oynadığı vasitəçi rolu da bu baxımdan nəzərdən qaçırılmamalıdır. Türkiyə, xatırlanacağı kimi, Rusiya-Ukrayna böhranında taxıl dəhlizi başda olmaqla bir çox diplomatik addımlar atdı. Həmçinin Dağlıq Qarabağ məsələsində də Azərbaycanla güclü kommunikasiya və əməkdaşlıq prosesi yaşadı.

Mövcud vəziyyətdə, hər nə qədər Türkiyəyə yönəlmiş raket hücumları dəf edilmiş olsa da, tərəflərin Türkiyəni müharibəyə cəlb etmək kimi niyyətdən və ya plandan uzaq durmaları daha doğru olar.

Bu baxımdan Türkiyənin beynəlxalq hüquqa əsaslanan tövsiyələri gündəmdə qalacaq. Lakin bu məsələlərin həyata keçməsi üçün tərəflərin siyasi iradəsi həlledici rol oynayacaq".