İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert

  • Ədalət Verdiyev: “Sürətli dron və raketlərin hazırlanmasına üstünlük verir”

ABŞ-la İran arasında nüvə proqramı ətrafında mübahisələr yenidən gündəmə gəlib. SEPAH-ın sözçüsü Hüseyn Mohebbi Tehranın müdafiə qabiliyyətini gücləndirmək üçün müasir texnologiyalardan istifadə edəcəyini və mövcud silahlarını da təkmilləşdirəcəyini açıqlayıb: “İran ölkəni və xalqı müdafiə edə biləcək silahların hazırlanması üçün dünyadakı bütün texnologiyalardan istifadə edəcək və bu istiqamətdə irəliləyəcək”.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında İranın yeni silahlar hazırlamasının mümkün olduğunu deyib. Onun sözlərinə görə, Tehran uzun illər sanksiyalar altında olsa da, Qərb istehsalı olan bir sıra silahların oxşar versiyalarını hazırlamağa nail olub:

“Bu silahların bir qismi İranın dəstəklədiyi proksi qüvvələrin İraq, Liviya, Livan və Suriyada apardığı müharibələr zamanı əldə etdiyi təcrübə əsasında təkmilləşdirilib”.

Ekspert qeyd edib ki, İranın hazırladığı yeni silahların ABŞ və İsrailə qarşı nə dərəcədə effektiv olacağı isə sual altındadır:

“İran daha uzaq məsafəyə uça bilən və daha böyük dağıdıcı gücə malik raketlər və dronlar hazırlaya bilər. Çünki Rusiya artıq İran dronlarını daha yüksək sürətlə hərəkət etməyə imkan verən reaktiv mühərriklərlə təchiz edib. Böyük ehtimalla, İran hazırda uzaq məsafədəki hədəflərə daha güclü zərbələr endirmək üçün sürətli dron və raketlərin hazırlanmasına üstünlük verir”.

İranın münaqişənin coğrafiyasını genişləndirməyə gəldikdə isə ekspert deyib ki, İran artıq əlindən gəldiyi qədər münaqişə coğrafiyasını genişləndirib və bu münaqişəni Yaxın Şərq və Körfəz ölkələrinin ölkələrinə yaymağa nail olub: 

“ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektləri və regiondakı müttəfiqləri üçün yeni risklərin yaranması yaxın perspektivdə gözlənilmir. Amma əvvəlki risklərin də miqyası kifayət qədərdir."