İrana gözlənilən hücumun məqsədi açıqlandı

“USS Abraham Lincoln” aviadaşıyıcısı və zərbə qrupunun bölgədə yerləşdirilməsindən sonra İran ABŞ və İsrailin mümkün yeni hücumuna hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

ABŞ-nin bölgədə İsrail qırıcıları ilə koordinasiyalı şəkildə mümkün hücumu həyata keçirmək üçün kifayət qədər hərbi gücə malik olduğu bildirilir. Nəşr gözlənilən hücumların məqsədinin etirazların amansız şəkildə yatırılması və minlərlə insanın öldürülməsində ittiham olunan İran rejimini devirmək olduğunu yazıb.

“The Guardian” mümkün hücumu artıq ciddi zərər görmüş İranın nüvə proqramını daha da zəiflətmək üçün yox, daha çox ölkənin dini-siyasi rəhbərliyini hədəfə almaq və rejimə qarşı qəzəbli etirazçıları yenidən küçələrə qaytarmaq məqsədi daşıyan addım kimi təsvir edib.

“The Economist” də mənbələrə istinadla yazıb ki, ABŞ-nin İrana qarşı genişmiqyaslı hücum ehtimalı yüksəkdir və bu hücumun əsas hədəfinin ölkənin rəhbərliyi olacağı güman edilir. Hazırda İranın yaxın sularında yerləşdirilmiş “USS Abraham Lincoln” aviadaşıyıcısından əlavə, Böyük Britaniyadan bölgəyə bir neçə F-15E qırıcı eskadrilyası göndərilib. Eyni zamanda “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri sürətlə bölgədə yerləşdirilir, yük və yanacaqdoldurma təyyarələri də Yaxın Şərqə yola salınıb.

“The Economist” ABŞ-nin İrana mümkün hücumu üçün üç ssenari irəli sürür:

Birinci variant ABŞ Prezidenti Donald Trampın qırmızı xəttinin müdafiəsini nümayiş etdirmək məqsədi daşıyan məhdudmiqyaslı hücumdur ki, bu, müharibənin genişlənməsi riskini azaldır, rejimin zəiflədilməsinə isə ciddi təsir göstərmir.

İkinci variant daha geniş hücumdur, bu zaman SEPAH və “Bəsic” kimi təhlükəsizlik qüvvələri hədəf alınır.

Üçüncü variant isə İranın Ali rəhbəri Əli Xamenei də daxil olmaqla, bütün rejimin hədəfə alınmasıdır ki, bu, rejimin devrilməsi, yeni etiraz dalğasının yaranması və təhlükəsizlik qüvvələrinin lidersiz qalmasına səbəb ola bilər.