“İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının qeyri-müəyyən vəziyyəti və bombalanmış nüvə obyektlərinin yoxlanılması ilə bağlı yaradılmış dalan sonsuzadək davam edə bilməz”.
Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
AEBA rəhbəri İranın zənginləşdirilmiş uran ehtiyatlarının harada yerləşməsi və vəziyyəti ilə bağlı qeyri-müəyyənliyə toxunaraq qeyd edib:
“Bu vəziyyət əbədi davam edə bilməz, sonda elə bir məqam gəlinə bilər ki, bu materialların harada olduğunu bilmədiyimi deməyə məcbur qalım”.
Qrossi vurğulayıb ki, hazırda belə bir nəticəyə və ya əminliyə gəlməyib:
“Bizim İrana dediyimiz budur ki, qarşılıqlı əməkdaşlığa girməlidir”.
Beynəlxalq agentliyin baş direktoru bildirib ki, hazırda diplomatik ehtiyatlılıq nümayiş etdirir, amma Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfi kimi İran öz öhdəliklərini yerinə yetirməlidir.
Qrossi ümidvar olduğunu söyləyib ki, İranla ABŞ arasında razılaşmaya nail olmaq məqsədi daşıyan diplomatik səylər nəticə verəcək, yaxınlaşan yeni hərbi fəaliyyət təhlükəsi və ya buna bənzər durum olmadan qarşılıqlı anlaşmaya gətirib çıxaracaq.