ABŞ Prezidenti Donald Tramp İrana doğru böyük bir Amerika donanma birliyinin hərəkətə keçdiyini açıqlayıb. Tramp Davosda keçirilən Dünya İqtisadi Forumu toplantılarından Vaşinqtona qayıdarkən jurnalistlərə bildirib ki, İranı edamların davam edəcəyi təqdirdə hərbi zərbə ilə hədələyib və bu təzyiqdən sonra Tehran geri çəkilib.
Sherg.az xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, mümkün risklərə qarşı bölgəyə çox sayda hərbi gəmi göndərilib və vəziyyət yaxından izlənilir. Məlumata əsasən, Körfəz istiqamətində hərəkət edən donanma Abraham Lincoln aviadaşıyıcısı və üç esminesdən ibarətdir.
Tramp, həmçinin Qrenlandiya məsələsində NATO və Avropa ölkələri ilə müsbət danışıqlar aparıldığını, əldə olunan razılaşmaların müddətsiz xarakter daşıdığını bildirib.
ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsi ilə bağlı da tərəflərin sülhə nail olmaq üçün qarşılıqlı güzəştlərə hazır olduğunu qeyd edib.