İranın Ekspertlər Məclisinin üzvləri fevralın 28-də öldürülən Ali Rəhbər Əli Xameneinin xələfinin müəyyənləşdirilməsi ilə bağlı konsensusun əldə olunduğuna dair işarələr veriblər.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Fars" xəbər agentliyi yayıb.
Ekspertlər Məclisinin üzvü, Ayətullah Məhəmməd-Mehdi Mirbaqeri bildirib ki, yeni liderin müəyyən edilməsi istiqamətində "böyük səylər" göstərilib və artıq "qəti və yekdil rəy" əldə olunub.
Məclisin digər üzvü, höccətülislam Cəfəri isə verdiyi müsahibədə seçimin tezliklə elan ediləcəyinə ümidvar olduğunu bildirib:
"Ümid edirəm ki, bütün İran xalqı mümkün qədər tez bir zamanda razı qalacaq. Üçüncü liderin seçilməsindəki gecikmə hamı üçün acı və istənilməzdir, lakin başqa alternativ yoxdur. Bu çətin vaxtda nümayəndələrimiz haqqında pis düşünməməliyik".
Qeyd edək ki, İran Konstitusiyasına əsasən, ölkənin Ali Rəhbərini seçmək səlahiyyəti 88 nəfərdən ibarət Ekspertlər Məclisinə məxsusdur.