İranın ən real variantı gizli geri çəkilmə ssenarisidir - RƏY

Böyük ehtimalla rejim bunları edəcək və edamları müvəqqəti azaldacaq

ABŞ Prezidenti Donald Tramp İrana doğru böyük bir Amerika donanma birliyinin hərəkətə keçdiyini açıqlayıb. Tramp Davosda keçirilən Dünya İqtisadi Forumu toplantılarından Vaşinqtona qayıdarkən jurnalistlərə bildirib ki, İranı edamların davam edəcəyi təqdirdə hərbi zərbə ilə hədələyib və bu təzyiqdən sonra Tehran geri çəkilib. ABŞ prezidentinin sözlərinə görə, mümkün risklərə qarşı bölgəyə çox sayda hərbi gəmi göndərilib və vəziyyət yaxından izlənilir. Məlumata əsasən, Körfəz istiqamətində hərəkət edən donanma Abraham Lincoln aviadaşıyıcısı və üç esminesdən ibarətdir. 

Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi “Sherg.az”a açıqlamasında Trampın bu təhdidi ilə bağlı İranın ABŞ-yə cavabının ənənəvi olacağını düşünür. Onun fikrincə ən ehtimal olunan variant sözdə sərtlik, əmələ gələndə ehtiyatlı davranış olacaq:

“İran çox güman ki, rəsmi bəyanatlarda ABŞ-ni “təhdid”edəcək və “terror dövləti” adlandıracaq.İranlılar qarşısında geri çəkilmiş kimi görünməmək üçün sərt ritorika sərgiləyəcək. Amma birbaşa ABŞ gəmilərinə zərbə vurmayacaq, əgər buna cəsarət edərsə, bu ABŞ ilə açıq müharibə deməkdir. Nəticədə isə İran üçün ölümcül risk yaranar. Dolayı cavab variantından isə istifadə mümkündür. İran öz klassik strategiyasından istifadə edərək Yəmən husiləri, Livan Hizbullahı , İraq və Suriyadakı şiə silahlılarından yararlana bilər. İran Hizbullah və şiə silahlı qruplar vasitəsilə ABŞ bazalarına raket və dron hücumları təşkil edə bilər. Qırmızı dənizdə gəmilərə təzyiq və İsrailə qarşı gərginlik yarada bilər. Bu üsul İran üçün “təhlükəsiz” sayılsa da ABŞ bu hərəkətləri birbaşa hücum kimi qiymətləndirə bilər və bu da İran üçün yenə də həyatı riskdir”.

V. Əfəndi hesab edir ki, İran son çarə olaraq Hörmüz boğazında neft tankerlərinə mane olmaq və minalar yerləşdirmək metodundan da istifadə edə bilər: “Bu da neft bazarına ciddi təsir edər və yenə də nəticə İran üçün arzuolunmaz həddə çata bilər. Qlobal iqtisadiyyata ağır zərbə sayılar və nəticədə ABŞ-nin müttəfqiləri münaqişəyə cəlb olunar. Hazırki durumda ən real variant gizli geri çəkilmə ssenarisidir ki, böyük ehtimalla İran bunları edəcək və edamları müvəqqəti azaldacaq. Bəzi addımları sakitcə dayandıracaq,amma bunu rəsmi şəkildə etiraf etməyəcək Yəni, geri çəkiləcək, amma uduzmuş kimi görünməyəcək. Bundan sonra nəzarətli gərginlik qalmaqda davam edəcək. Lakin regionla toqquşma riski qalmaqdadır”.