“Prezident İlham Əliyevin sərt bəyanatı yalnız pisləmə ilə kifayətlənmədi, həm də müdafiə və diplomatik tədbirləri göstərdi”
Beynəlxalq ictimaiyyət İran İslam Respublikasının pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə hücumunu pisləyib.
Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların rəsmiləri İranın hücumunu qəti şəkildə qınayıb, Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.
Bəyanatlar arasında Birləşmiş Ərəb Əmirliklərinin mövqeyi xüsusilə diqqət çəkir. Ölkənin Xarici İşlər Nazirliyi İran dronları tərəfindən dost Azərbaycan ərazilərinin hədəfə alınmasını qətiyyətlə pislədiyini deyib: ““Bu düşmənçilik hərəkətlərini təhlükəli eskalasiya, dövlət suverenliyinin açıq şəkildə pozulması və regional təhlükəsizliyə birbaşa təhdid hesab edirik. Xarici İşlər Nazirliyi bəyanatında bu hücumların əhatə dairəsinin qardaş və dost xalqları da əhatə etməsini bütün hüquqi və siyasi standartlar baxımından qınayır”. Nazirlik vurğulayıb ki, belə hərəkətlər deeskalasiya səylərini sarsıdır və regional gərginliyi artırır. BƏƏ XİN həmçinin qeyd edib ki, bu cür düşmənçilik hərəkətləri regional sabitliyi təhdid edən ciddi eskalasiyaya səbəb olur.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a açıqlamasında İranın Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumu tənqid edərək, baş verənlərin Azərbaycan üçün gözlənilməz olduğunu deyib. Onun sözlərinə görə, rəsmi Bakı hər zaman İranla münasibətlərdə konstruktiv və qonşuluq mövqeyi nümayiş etdirib:
“Buna baxmayaraq belə bir terror aktının törədilməsi Tehran rejiminin əsl niyyətini ortaya qoyur. Bir gün öncəsində Prezident İlham Əliyev İranın ali liderinin vəfatı ilə bağlı Tehranın Bakıdakı səfirliyinə gedərək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb və səfirlik əməkdaşları ilə hal- əhval tutub. Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin müavini tərəfindən edilən müraciətə əsasən Azərbaycan Livanda qalan İran səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək göstərməyə də razılıq verib.
Bunların qarşılığında ölkəmizə qarşı bu cür çirkin və mənfur hücuma nə ad vermək olar? Zənnimcə, bu hadisəyə ən yüksək səviyyədə və prinsipial cavabı Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı oldu. Dövlət başçısının sərt və qətiyyətli bəyanatı yalnız bu hücumun pislənməsi ilə kifayətlənmədi, eyni zamanda Silahlı Qüvvələrin hazırlıq vəziyyətinə gətirilməsi, diplomatik və hüquqi tədbirlərin görülməsi ilə Azərbaycan tərəfinin həm müdafiə, həm də reaksiya qabiliyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Bu çıxış həm də beynəlxalq ictimaiyyətə açıq mesaj oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq mövqeyində qətiyyətlidir”.
Ç.Qənizadə bildirib ki, Prezident İlham Əliyev-in sərt və qətiyyətli bəyanatından sonra bir çox ölkələrin liderləri dövlət başçısına zəng edərək Azərbaycana dəstək və həmrəylik nümayiş etdirdilər. Onun sözlərinə görə, bu fakt Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizin formalaşdırdığı müsbət imicin bariz göstəricisidir:
“Eyni zamanda Prezidentin balanslaşdırılmış xarici siyasətinə verilmiş bir dəyərdir. Bu sayda ölkələrin Azərbaycan prezidentinə zəng vuraraq, həmrəylik nümayiş etdirməsi, İranın hücumunu pisləmələri, hətta bəzi dövlətlərin birmənalı Azərbaycanın yanındayıq deyə bəyanatla çıxış etməkləri düşmənlərimizə, anti Azərbaycan mövqeyində olanlara böyük bir zərbədir.
Azərbaycanın yanıda olan dövlətlərin hər birinə təşəkkür edir, ölkəmizin artan nüfuzu ilə qürur duyuruq. Azərbaycan artıq 15-20 il əvvəlki ölkə deyil. Ölkəmizi tanıyan, bizimlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artmaqdadır. Bu da bizim təhlükəsizliyimizin bir qarantıdır.
Türkiyə, Pakistan və digər dövlətlərlə imzalanan müttəfiqlik anlaşmaları göstərir ki, hər hansı bir təhlükə anında Azərbaycana sadəcə mənəvi, siyasi dəstək yox, maddi- hərbi dəstək göstərməyə hazır olan dövlətlər var”.