İranın Zelenskiyə nifrət dolu ritorikası geosiyasi riskləri artırır - ŞƏRH

Daxildə zəifləyən İran xaricdə yeni düşmənlər qazanır, bu da təhlükəlidir

İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı qalmaqallı bəyanatla çıxış edib. İran XİN başçısı bildirib ki, Zelenski açıq şəkildə ABŞ-ni İrana qarşı qanunsuz hərbi təcavüzə çağırır ki, bu da beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir. O, həmçinin Zelenskini ABŞ və Avropa vergiödəyicilərinin pullarını mənimsəməkdə, bu vəsaitləri isə “korrupsiyaya bulaşmış generalların ciblərinə yönəltməkdə” ittiham edib:

“Dünya bu bəsit klounlardan bezib, cənab Zelenski. Xaricdən dəstəklənən və muzdlularla dolu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü müdafiə etməyi bacarırıq və yad qüvvələrdən kömək dilənməyə ehtiyac duymuruq”, - deyə Əraqçi vurğulayıb.

Qeyd edək ki, Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumundakı çıxışında “İranda etirazçılar qana boğuldular, dünya İran xalqına lazımi köməyi göstərmədi” demişdi.

Politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında deyib ki, nə İranın xarici işlər nazirinin, nə də Volodimir Zelenskinin bəyanatları klassik diplomatik ritorikaya uyğundur:

“Xüsusilə Zelenskinin guya İrana qarşı “qanunsuz hərbi təcavüz” çağırışı etdiyi iddiası doğru deyil. Bununla belə, İranın xarici siyasətini, Rusiyaya verdiyi açıq dəstəyini tənqid etmək mümkündür. Unutmaq olmaz ki, təkcə Zelenski deyil, ABŞ-ın müxtəlif prezidentləri illər boyu İranın mövcud rejimini sərt ritorika ilə tənqid ediblər.

Lakin Əraqçinin son açıqlaması daha çox Zelenskiyə qarşı açıq antipatiyanın və nifrətin ifadəsi təsiri bağışlayır. Bu cür ritorika təkcə İranın deyil, həm də Rusiya tərəfdarı olan digər dövlətlərin Zelenskiyə münasibətini əks etdirir. Onu “artist”, “klon” kimi təqdim etmək, siyasətə girməməli olduğunu demək eyni ritorikanın bir hissəsidir.

Bununla belə, Ukrayna Prezidentinin də qalmaqallı bəyanatları münasibətləri yumşaltmır, əksinə, daha da gərginləşdirir. Bu cür ritorika Rusiya ilə ABŞ arasındakı qarşıdurmanı, daha dəqiq desək, Rusiya ilə Qərb dünyası arasındakı geosiyasi mübarizəni genişləndirir və yeni aktorların bu qarşıdurmaya daha açıq şəkildə cəlb olunmasına şərait yaradır.

Xüsusilə İranın artıq daxili siyasi gərginliklər, sosial narazılıqlar və ciddi iqtisadi çətinliklər yaşadığı bir dövrdə xarici siyasətdə əlavə düşmən mövqeləri qazanması nə dərəcədə məqsədəuyğundur, bunu zaman göstərəcək. Ancaq bir məqam aydındır: daxili sabitliyi zəifləyən bir dövlətin xarici düşmənlərlə effektiv şəkildə mübarizə aparması son dərəcə çətindir”.