İranla razılıq olmasa, çox pis hadisələr baş verəcək - TƏHLİL

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi ətrafında yaranmış gərginliyə toxunaraq bildirib ki, razılaşma əldə olunmasa, mənfi nəticələr yarana bilər.

ABŞ Prezidenti Oval kabinetdə keçirilən imzalanma mərasimində İran gündəmi və Rusiya-Ukrayna danışıqlarındakı son vəziyyəti dəyərləndirib.

Tramp bir tərəfdən İran istiqamətində hərəkət edən “çox böyük” gəmilərin olduğunu qeyd edib, digər tərəfdən isə bu ölkənin rəsmiləri ilə danışıqların davam etdiyini bildirib.

“İranla razılığa gəlmək istərdim. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılaşa bilsək, bu çox yaxşı olar. Əgər razılıq əldə olunmasa, böyük ehtimalla pis şeylər baş verəcək”, - deyə Tramp bildirib və diplomatik prosesə açıq olduqlarını vurğulayıb.Bəs ,Mümkün ssenarilər və proqnozlar

İranla bağlı prosesin mənfi ssenari üzrə inkişaf edəcəyi təqdirdə nələrin baş verə biləcəyi ilə bağlı suala Tramp, “Bunu sizə deməyim axmaqlıq olardı”, - cavabını verib və danışıqların davam etdiyini bir daha xatırladıb.

Göründüyü kimi Donald Trampın İranla bağlı açıqlamaları Vaşinqton-Tehran xəttində gərginliyin artmaqda olduğunu göstərir. Xüsusilə “razılaşma olmazsa, pis şeylər baş verəcək” ifadəsi ABŞ-ın diplomatiya ilə yanaşı təzyiq və güc amilini də gündəmdə saxladığını ortaya qoyur. Trampın İran istiqamətində hərəkət edən “çox böyük gəmilər” barədə açıqlaması isə bölgədə hərbi-siyasi balansın yenidən qurulduğuna işarə kimi qiymətləndirilir.

Bu cür bəyanatlar bir tərəfdən İranı danışıqlarda güzəştə məcbur etməyə hesablanıb, digər tərəfdən isə ABŞ-ın müttəfiqlərinə, xüsusilə İsrail və Körfəz ölkələrinə təhlükəsizlik zəmanəti mesajı daşıyır. Vaşinqton açıq şəkildə bildirir ki, diplomatik yol əsas prioritet olsa da, alternativ ssenarilər də masadadır.

Bəs,mümkün ssenarilər və proqnozlar necə ola bilər?

 Qısamüddətli perspektivdə ABŞ- İran arasında birbaşa və ya dolayı danışıqların intensivləşəcəyi gözlənilir. Tramp administrasiyası mümkün razılaşmanı daxili siyasətdə mühüm uğur kimi təqdim etmək niyyətindədir.

Razılaşmanın baş tutmaması halında ABŞ-ın İran üzərində iqtisadi və siyasi təzyiqləri daha da artıra biləcəyi, sanksiyaların sərtləşdiriləcəyi ehtimal olunur. Bu isə İranın cavab addımlarını, o cümlədən bölgədəki təsir dairəsini genişləndirmə cəhdlərini sürətləndirə bilər.

Hərbi eskalasiya riski birbaşa genişmiqyaslı müharibə səviyyəsində olmasa da, Yaxın Şərqdə lokal toqquşmalar, dəniz yollarında gərginlik və proksi qüvvələr üzərindən qarşıdurmalar istisna edilmir.

 Rusiya-Ukrayna danışıqları fonunda Trampın İran məsələsini ön plana çıxarması ABŞ-ın eyni vaxtda bir neçə geosiyasi cəbhədə dominant rolunu qorumaq istədiyini göstərir. Bu da qlobal güc balansında Vaşinqtonun aktiv fazaya keçdiyinin göstəricisi kimi dəyərləndirilir.

Nəticə olaraq Trampın açıqlamaları İranla bağlı prosesin kritik mərhələyə daxil olduğunu göstərir. Qarşıdakı dövr diplomatik danışıqların intensivləşməsi ilə yanaşı, bölgədə risklərin də artdığı bir mərhələ ola bilər. ABŞ üçün əsas məqsəd İranı razılaşmaya məcbur etmək, Tehran üçün isə mümkün qədər az itki ilə bu prosesdən çıxmaqdır.