İranla ticarət edən ölkələr Trampın hədəfindədir - Azərbaycan üçün risk varmı?

ABŞ İranla işgüzar münasibətlər quran istənilən ölkənin Amerika Birləşmiş Ştatları ilə apardığı bütün ticarət əməliyyatları üzrə 25 faiz vergi ödəyəcəyini açıqlayıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında paylaşım edib.

O bildirib ki, müvafiq qərar dərhal qüvvəyə minəcək.

İqtisadçı Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında Donald Trampın İranla əməkdaşlıq edən ölkələrə qarşı 25 % rüsum açıqlamasının daha çox iqtisadi hədə xarakteri daşıdığını deyib. Onun sözlərinə görə, məsələnin mahiyyəti ondan ibarətdir ki, İranla ticarət və iqtisadi əlaqə quran ölkələrin ABŞ ilə olan ticarətinə əlavə rüsum tətbiqi nəzərdə tutulur:

 “Bu addım ABŞ-nin İrana iqtisadi təzyiqinin artıq yeni mərhələsidir . Amma hazırda ortada bu qərarı detallı izah edən rəsmi sənəd yoxdur. 

Rüsumun hansı ölkələrə, hansı mallara və hansı şərtlərlə tətbiq olunacağı aydın deyil. Fikrin qətiliyi səslənsə də, qərarın hüquqi mexanizmi formalaşmayıb və rəsmi Vaşinqton icra qaydaları ilə bağlı konkret mövqe ortaya qoymayıb. Hətta ABŞ daxilində belə bu məsələ ətrafında narahatlıqlar var.Bu fonda qərarın Azərbaycana birbaşa təsir edəcəyini söyləmək düz olmaz”.

İqtisadçı qeyd edib ki, dünyanın demək olar bütün ölkələri bu və ya digər formada İranla ticarət əlaqələrinə malikdir:

“Hamıya eyni anda 25 faiz rüsum tətbiqi real mexanizm deyil və bu yanaşma ABŞ-nin özü üçün də ciddi iqtisadi risklər yarada bilər. Odurki, mövcud vəziyyətdə Azərbaycan üçün konkret və birbaşa təhdid görmürəm”.