İrəvan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təsdiqlədi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın yaxın vaxtlarda görüşəcəyi təsdiqlənib.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.

“İş davam edir. Yaxın vaxtlarda görüş keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu barədə ictimaiyyəti məlumatlandıracağıq”,- deyə o bildirib.

Qeyd edək ki, görüş barədə Ceyhun Bayramov daha əvvəl Azərbaycan mediasına açıqlama verib. Bayramov və Mirzoyan sonuncu dəfə Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində fikir mübadiləsi aparıblar. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da görüşüblər.