İsrailin Suriya ilə bağlı qərarı açıqlandı

İsrail müdafiə naziri İsrael Katsın sədrliyi ilə təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəsmilərinin keçirilən qapalı iclasında İsrail ordusunun Suriyaya bitişik təhlükəsizlik zonasından, o cümlədən Hermon dağının zirvəsindən geri çəkilməmək qərarı verilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Walla” saytı təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

İclasda mövcudluq Suriya-İsrail sərhədi boyunca yerləşən yaşayış məntəqələrini qorumaq üçün “ilkin qalxan” kimi xarakterizə olunub.

Nəşrin yazdığına görə, İsrailin Suriyaya yönəlik təhlükəsizlik siyasəti üç məqama əsaslanır:

“Beynəlxalq sərhəd boyunca təmas xətti - İsrail ordusu burada yaxınlıqdakı yaşayış məntəqələrini qorumaq və İsrailin strateji dərinliyini təmin etmək üçün fəaliyyət göstərir.

Genişləndirilmiş təhlükəsizlik zonası - Suriya ərazisinin təxminən 15 kilometr dərinliyinə qədər uzanır, kəndlər, qəsəbələr və yol qovşaqlarını əhatə edir, burada silahlıların sızması və “terror infrastrukturu”nun yaradılmasının qarşısı alınır.

Təsir zonası - Cənubi Süveyda bölgəsindən Dəməşqin ətrafınadək uzanır, silahsızlaşdırılmış ərazi kimi müəyyən edilir və İsrail burada düşmən qüvvələr, qabaqcıl silahlar və ya hərbi bazaların yerləşdirilməsinin qarşısını almaq üçün vəziyyəti izləyir”.

Komandirlər müdafiə nazirinin bu ərazilərdən geri çəkilməmək mövqeyini dəstəkləyiblər.

Eyni kontekstdə “Walla” yazır ki, yüksək səviyyəli ABŞ rəsmisi israilli həmkarları ilə söhbətlərdə İsrail ordusunun niyə Suriyada daha geniş ərazilərə nəzarət etmədiyini soruşub. İsrailli rəsmi cavabında bildirib ki, məqsəd yerli əhali üzərində nəzarət qurmaq deyil, İsrailin daxili cəbhəsini qoruyan təhlükəsizlik zolağı yaratmaq və bölgədəki druzlara daha yaxşı dəstək verməkdir.