İsrailli nazirdən canlı yayımda etiraf: “Türkiyə edərsə, biz də edərik”

İsrailin Energetika naziri Eli Kohen yerli "Kanal 14" telekanalının canlı efirində Türkiyənin regionda artan hərbi və strateji təsiri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Sherg.az xəbər verir ki, nazir Şərqi Aralıq dənizində enerji layihələrinə toxunaraq bildirib ki, İsrail ilə Cənubi Kipr Rum Administrasiyası arasında planlaşdırılan təbii qaz kəməri layihəsi həyata keçiriləcək. Cohen qeyd edib ki, İsrail özünü müdafiə etməyi bacarır və heç kimin ona şərt qoymasına imkan verməyəcək.

Ən diqqətçəkən açıqlamalar isə Türkiyənin Suriyadakı mümkün hərbi mövcudluğu ilə bağlı olub. Kohen bildirib ki, Türkiyə Suriyada hərbi baza yaratmaq istəsə, İsrail də eyni addımı ata bilər:

“Nazirlər Kabinetində də demişəm. Əgər Türkiyə Suriyada hərbi baza qurmaq istəyirsə, biz də orada baza qurarıq”.

İsrailli nazir həmçinin Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurlara diqqət çəkərək, Ankaranın inkişaf etmiş silah sistemləri əldə etməsinin qarşısını almaq üçün ABŞ ilə əməkdaşlığın vacib olduğunu söyləyib.

Kohen vurğulayıb ki, Vaşinqton İsrailin “keyfiyyətli hərbi üstünlük” siyasətini dəstəkləməyə davam etməlidir. Onun sözlərinə görə, Türkiyənin son illərdə müdafiə sənayesində qazandığı nailiyyətlər və artan hərbi potensialı Tel-Əvivdə yaxından izlənilir.

Nazirin açıqlamaları Türkiyənin təkcə hərbi sahədə deyil, həm də müdafiə sənayesindəki inkişafı və regional nüfuzu ilə İsrailin təhlükəsizlik gündəmində mühüm yer tutduğunu göstərir.