Japarov qırğızlar və özbəklər arasında mümkün münaqişə barədə xəbərdarlıq etdi

“Hörmətli qırğızıstanlılar, yaxınlarda bir sıra mənbələrdən mənə məlumatlar daxil olub. İçində kin-küdurət daşıyan, pis niyyətli, təxribatçı siyasətçilər seçkilərə qədər ölkənin cənubunda özbək və qırğız xalqları arasında nifaq salmaq, qarşıdurma yaratmaq və seçkilərin keçirilməsinə mane olmaq kimi planları müzakirə edirlər. Hələlik bu barədə yalnız danışsalar da, söz səviyyəsində olan bu təxribatçı niyyətlərin həyata keçirilməsi də mümkündür”.

Teleqraf xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Çünki özbək və qırğız xalqları arasında qarşıdurma yaratmaq üçün insanların hisləri ilə oynayan, əsassız milli qüruru qızışdıran müxtəlif yalan məlumatlar yayaraq heç bir səbəb olmadan münaqişə törədə bilərlər. Biz bunu 1990 və 2010-cu illərdə iki dəfə yaşamışıq. Həmin iki qarşıdurma zamanı nə qədər günahsız özbək və qırğız vətəndaşımız həlak olub.

Həmin qarşıdurmaları təşkil edən siyasətçilərdən heç birinin yaxınlarının belə bir barmağı da zərər görməyib. Onlar iki tərəfi bir-birinə qarşı qoyur, gizlicə toqquşdurur, bundan məmnun qalaraq kənardan seyr edirlər. Onlara yalnız hakimiyyət lazımdır. Aldadılan və zərər çəkənlər isə həmişə sadə insanlar olur.

Nəticədə ömürlük həbs cəzasına məhkum edilənlər də sadə insanların övladları olub. Ona görə də, hörmətli xalqım, xahiş edirəm, istər özbək, istər qırğız olun, hansı formada olur-olsun, heç bir təxribatçı sözə uymayın, heç kimin təsiri altına düşməyin. Onların bəd niyyətli çağırışlarına aldanmayın”, - dövlət başçısı bildirib.

Sadır Japarov əlavə edib ki, münaqişələri görməmiş gənclər yalnız hakimiyyətə can atan bədniyyətli təxribatçıların əlində oyuncağa çevrilməməlidir:

“Mən bunları qorxduğum üçün demirəm. Sadəcə xəbərdarlıq edir, “gəlin, bunun qarşısını əvvəlcədən alaq” deyirəm.

Hazırda dövlətimiz 1990 və 2010-cu illərdəki kimi zəif deyil. Əgər hər hansı qarşıdurma baş verərsə, dövlətin onu bir-iki gün ərzində yatırmağa gücü və imkanları çatır. Təəssüf ki, belə bir vəziyyətdə mütləq zərərçəkənlər olacaq, amma heç kimə belə bir faciə lazım deyil”.

Qırğızıstan Prezidenti Çinlə bağlı da ölkə daxilində bu kimi təxribat cəhdlərinin olduğunu vurğulayıb:

“Bəli, biz hər şeyi yaxşı başa düşürük. Çin mövzusunu gündəmə gətirəndə də xalq onlara qoşulmadı. İndi isə iki qardaş xalqı - özbək və qırğızları bir-birinə qarşı qoymaq, aralarında toqquşma yaratmaq planı qururlar.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tikilib başa çatmasın deyə ürəkləri gedən, bunu arzulayan bədniyyətli siyasətçilərimiz var. Heç vaxt onların ardınca getməyin. Onlar burnunun ucundan uzağı görə bilməyən, düşüncəsi dar, niyyəti pis insanlardır.

Allahın köməyi ilə, sözügedən dəmir yolu başa çatarsa, yüzilliklər boyu Qırğızıstanın rifahı və gələcəyi üçün geniş imkanlar açılacaq.

İçində kin-küdurət daşıyan, bədniyyətli və təxribatçı siyasətçilərə isə xəbərdarlığım budur: əməllərinizin üzə çıxmayacağını düşünməyin. Əvvəllər “əyri iş qırx ilə üzə çıxar” deyirdilərsə, indi belə əməllər 40 dəqiqəyə aşkar edilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həm peşəkar, həm də vətənpərvərdirlər. Onlar təxribatçı fəaliyyətlərin nəticələrini də yaxşı anlayırlar. Texniki imkanları da genişdir. Ölkə üzrə on minlərlə videokamera fəaliyyət göstərir.

Bu gün biz təhlükəsiz ölkədə yaşayırıq. Bundan sonra da təhlükəsizliyi təmin etmək, xalqın əmin-amanlığını qorumaq üçün insanları parçalamağa çalışanlara qarşı sərt tədbirlər görəcəyik.

Sonra müvafiq orqanlar sizi məsuliyyətə cəlb edəndə, həmişəki kimi, dəmir barmaqlıqlar arxasında oturub “Mən tamamilə günahsız idim, məni siyasi səbəblərlə həbs etdilər, məni nahaq yerə mühakimə edirlər” deyə qışqırmayın. Hələ gec deyil, ağlınızı başınıza yığın.

Qırğızıstana və bütün Qırğızıstan xalqına yalnız sülh və sabitlik lazımdır. Xalq hələ 30 il ərzində qarışıqlıqlardan başımızı qaldıra bilməməyimizi, batdığımız bataqlığı unutmayıb. Yalnız indi həmin bataqlıqdan çıxmış və inamla irəliyə doğru addımlamağa başlamışıq”.