Jurnalın üz qapağı gündəm oldu: Səddam Hüseyn, Qəddafi, bu dəfə Xamenei...

ABŞ - İran arasında gərginliyin artdığı bir vaxtda “TIME” jurnalı İranın Ali Dini Lideri Ayətullah Əli Xameneini diqqət mərkəzinə gətirən yeni qapağını təqdim edib. Jurnalın “Ayətullahdan sonra” (“After the Ayatollah”) başlıqlı qapağı regional və beynəlxalq müzakirələrə səbəb olub.

Sherg.az xəbər verir ki, diplomatiya ilə hərbi çəkindirmənin paralel getdiyi həssas mərhələdə İran və ABŞ arasında aparılan təmasların yeri və vaxtı da məlum olub. İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, İran - ABŞ danışıqları cümə günü Omanın paytaxtı Maskatda keçiriləcək.

Bu arada “TIME” jurnalının yeni qapağında İranın ali dini lideri Əli Xamenei üzünü tamaşaçıya çevirməmiş, silueti qeyri-müəyyən, kimliyi sanki silinmiş bir fiqur kimi təsvir edilib. Qapaq dizaynı İran daxilində artan gərginliyi, etirazları və siyasi qeyri-müəyyənliyi simvolizə edir.

Kuba əsilli məşhur illüstrator Edel Rodrigez tərəfindən hazırlanan bu işdə qırmızı və tünd rəng çalarları üstünlük təşkil edir. Bu isə həm zorakılıq riskinə, həm də ölkədəki gərgin atmosferə vizual işarə kimi dəyərləndirilir.

“TIME” jurnalı daha əvvəl də oxşar qapaqlarla gündəmə gəlmişdi.

2003-cü ildə, ABŞ-nin İraqa müdaxiləsi ərəfəsində Səddam Hüseyn “Saddamdan sonra həyat” başlığı ilə qapağa çıxarılmışdı.

2011-ci ildə isə Liviya lideri Müəmmər Kaddafi yarı silinmiş portretlə “Kaddafidən sonra dünya” ifadəsi altında təqdim olunmuşdu.

Hər iki lider qısa müddət sonra hakimiyyətdən devrilmiş və həyatlarını itirmişdi. Bu səbəbdən “TIME”ın bu tip qapaqları tez-tez “öncəgörən” olaraq dəyərləndirilir.

Məlumatlara görə isə İranda etirazlarda ölənlərin sayı 6 872, saxlanılanların sayı 50 mindən çoxdur.