Kiçik evlərin böyük qəhrəmanları

Şəhid Nurlanın ailəsi köhnə mebel sexində yaşayır… 

Yenə bir şəhid dastanı!.. Gənc yaşında başı göylərə dəyən daha bir qəhrəman!..  

Qırx dörd günlük Vətən müharibəsi bizə kimləri tanıtmadı ki?!. Əsgərini güllədən qoruyan komandanları, komandirinin önündə sinəsini sipər edən əsgərləri. Və hamılıqla “Vətənə canımız fəda” deyənləri! Bəlkə də hər gün rastlaşdığımız cavanlar, ailə başçısı, kiminsə atası, kiminsə qardaşı idi onlar. Yanlarından ötüb keçirdik. Onlar da həmçinin. Həyat yollarında adi bir insan kimi addımlayırdılar. Bircə kəlməlik çağırış – Vətən çağırışı - həyatlarını və talelərini dəyişdi. Hər kəsin balası, hər kəsin qardaşı, hər kəsin atası, hamının sevimlisi, ən əsası isə Vətənin Oğlu oldular.    
Onlardan biri də Nurlan Nuruzadədir.

Nurlan Tofiq oğlu Nuruzadə 2001-ci ilin avqust ayının 9-da Sumqayıt şəhərində doğulub. Ailədə 3 bacı, 3 qardaş olan Nurlan evin sonbeşiyi olub. Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsil alıb. 2019-cu ilin oktyabr ayında həqiqi xidmətə çağırılıb və Ağcabədidə yerləşən "N” saylı hərbi hissədə xidmətə başlayıb. Sonra hərbi xidmətini Beyləqanda davam etdirən Nurlan topçu idi.

Zabitlər tərəfindən həmişə təqdir görən gənc topçu, əsgər yoldaşları arasında da hörmət sahibi olub. Vətən müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan topçumuz, Füzuli istiqamətində gedən ağır döyüşlərdə – 2020-ci il oktyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.

Hərbi xidmətə yola düşməsinin 1 ili tamam olan ərəfədə şəhadət şərbəti içən Nurlan böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Oğlunun ölümünə dözə bilməyən ana Minaxanım Nuriyeva da 3 ay sonra vəfat edib. Ailə Nurlanın 3 yaşından - 16 ildir ki, Sumqayıt şəhərində, köhnə mebel sexində, şəraitsiz bir yerdə yaşayır. Nurlan Sumqayıt şəhərinin İkinci Qarabağ müharibəsində 7-ci şəhididir. 

Bacısı İlahə Nuriyeva deyir ki, Nurlan çətin şəraitdə böyüyüb boya-başa çatsa da, çox mərd və qorxmaz olub: 

- Anam Nurlanın itkisinə dözə bilmədi. Bizə qonşular deyirdi ki, sizin xəbəriniz olmur, anan gecələr Nurlanın portretinin qarşısında saatlarla ağlayır. Nurlanın şəkli yaşadığmız mikrorayonda vurulub. Hətta dəfələrlə olub ki, səhərlər anamın naləsinə ayılmışam. Nurlan topçu idi, heç nədən qorxmazdı. Müharibə zamanı da komandirlərinin yaddaşında igid və cəsur əsgər kimi iz qoydu.

...Hər gün onlarla vətəndaşımız, özəlliklə yeniyetmə və gəncimiz Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edir, Nurlanın, bütün şəhidlərimizin ruhuna dualar oxuyur, onların həyat yolu ilə maraqlanır və öyrənir. 19 yaşındaykən belə aqibət hər kəsə nəsib olmur. Əlbəttə, həyatlarının ən gözəl və gənc yaşlarında şəhidlik zirvəsinə ucalan oğullarımızın ruhu indi şaddır. Çünki onların uğrunda şəhid olduqları torpaqlarda üçrəngli müqəddəs bayrağımız dalğalanır. Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Ordusu 44 gün içində xalqımıza möhtəşəm qələbə yaşadıb.

Bütün qoşun növlərimizin özünəməxsus xidmətləri ilə tarixi zəfərimizə töhfələr verdiyi 44 gün içində məhz qoşunlar arasında yüksək səviyyəli əlaqə, vahid komandanlıq altında birlik xüsusi rol oynayıb. Ali Baş Komandanımızın dəfələrlə vurğuladığı kimi, Ordumuz çağdaş tələblərə uyğun səviyyədə təchiz olunduğu texnika, texnologiyadan faydalanıb, lakin torpaqları azad edən, bayrağı qaldıran ƏSGƏRdir! O əsgərlərdən, topçulardan biri idi Nurlan! Adında, soyadında da keçən nuru əbədi ünvan seçən 19 yaşlı şəhid Nurlan bizim üçün necə əzizdirsə, onun ailəsi də o qədər əzizdir.

Hər nə qədər Nurlanın ailəsi “Vətən sağ olsun! Vətəni qorumaq hamımızın borcudur” deyirsə də, şəhidin ailəsinin rahat yaşayışını təmin etmək aidiyyətli qurumların vəzifə borcudur. Əsgərlərimiz Vətən qarşısında borclarını yerinə yetirdi. Rayon, şəhər rəhbərlərinin də vəzifə borcu onların ailələrinin ehtiyacları ilə maraqlanmaq, yaşayış şəraitlərini yaxşılaşdırmaqdır. Gənc övladı şəhid olan anaların məğrur durduğu ölkənin bayrağı enməz! Bayrağımız, dövlətimiz, Vətənimiz var olsun!

Xədicə Səxavətqızı