Kiyev mövqeyindən geri çəkilməyəcək - ANALİTİK

20 bəndlik sülh planı həm qələbə, həm də riskdir

Ukrayna əraziləri güc yolu ilə azad edilə bilməyəcək, müharibə dondurulmuş münaqişə ilə başa çatır

Vaşinqton Kiyevlə təhlükəsizlik məsələlərini əsasən həll edib, indi hər şey ərazi ilə bağlıdır. Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Foks Nyus"a deyib. O qeyd edib ki, nəticə etibarilə, hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır: "Bu, silahsızlaşdırılmış zona, yaxud iqtisadi imkanlar zonası olacaq, çünki biz ukraynalılarla təhlükəsizlik zəmanətlərini əsasən həll etmişik". Uitaker əlavə edib ki, Moskvanın buna heç bir etirazı yoxdur: "Atəşkəs və sülhməramlılıqla bağlı maddələr də həll olunmalıdır". Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko bildirib ki, Prezident Volodimir Zelenskinin dediyi formada müharibənin başa çatdırılmasına dair sülh planının Rusiya tərəfindən qəbul olunmaq şansı yoxdur. Onun sözlərinə görə, problem ondadır ki, Rusiya axmaqcasına və israrla mahiyyət etibarilə Ukraynanın kapitulyasiyası demək olan tələblərini təkrarlayır: "Yəni birincisi, Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasını tələb edirlər. Son vaxtlar isə ümumiyyətlə “Novorossiya”dan danışmağa başlayıblar. Yəni iştahları genişlənə və müvafiq olaraq tələbləri də arta bilər". Merejko əlavə edib ki, ruslar həmçinin Ukraynanın neytral statusunu tələb edirlər ki, bu da Kiyev üçün qəbuledilməzdir, çünki bu, nə hüquqi, nə də siyasi baxımdan mümkündür: "Üçüncüsü, silahlı qüvvələrimizə məhdudiyyətlər, yəni sözdə demilitarizasiya, seçkilərin keçirilməsi tələbi. Rusiyanın bəzi tələbləri müdafiə qabiliyyətimizi maksimum dərəcədə zəiflətməyə yönəlib ki, gələcəkdə bizi işğal edə bilsin. Digər tələblər isə bizi daxildən məhv etməyə hesablanıb". Deputatın sözlərinə görə, Rusiyanın bütün tələblərinin bir məqsədi var, o da Ukraynanı dağıtmaq, tabe etdirmək və dövlətçiliyini məhv etməkdir: "Başa düşmək lazımdır ki, qalan hər şey sadəcə sözdür, siyasi oyundur. Putin bu əsas məqsədindən – Ukraynanın məhv edilməsindən imtina etmir. Ona görə də ona bizi məhv etmək imkanı verməyən heç bir variant, heç bir planı uyğun saymayacaq. Bunu çox aydın dərk etmək lazımdır. Şübhəsiz ki, danışıqlar aparmaq lazımdır ki, Tramp görsün: biz sülhə köklənmişik, problem bizdə deyil". Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski sülh planının bütün 20 bəndini açıqlayıb. 

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Ukrayna və ABŞ-nin razılaşdırdığı 20 bəndlik "sülh planı" ilə bağlı iki fərqli mövqe səslənir. Ekspertə görə, bunu Kiyevin qələbəsi hesab edənlər də var, məğlubiyyəti kimi görənlər də: "Əvvəlki 28 bəndlik planla müqayisədə 20 bəndlik plan daha uğurlu olsa da, Ukrayna yenə qazanan tərəf deyil. Zelenski mövcud reallıqda mümkün olanı edir. Ukrayna üçün iki ən vacib məqam sənəddə daha məqbul şərtlərlə əksini tapsa da, risklər mövcuddur. Birincisi, təhlükəsizlik zəmanətini ABŞ, NATO və Avropa 5-ci maddəyə əsasən verir. Yəni Rusiya hücum edərsə, Qərb prosesə müdaxilə edəcək. Rusiya və Ukrayna arasında qeyd-şərtsiz hücum etməmək paktı imzalanacaq. Təmas xəttində də monitorinq mexanizmi yaradılacaq ki, bu da Moskvanın yenidən hücum etmək planlarının qarşısını alır. Təhlükəsizlik zəmanətlərinə digər ölkələr də qoşula bilər. Rusiya Avropa və Ukraynaya təcavüz etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək. İkincisi, ərazi məsələsində Rusiyanın tələbi qəbul olunmur, əvəzində iki versiya irəli sürülür. Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərində qoşunların nəzarət etdiyi ərazilər faktiki təmas xətti kimi qəbul olunur. Lakin bunun üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı, Xarkov vilayətlərindən qoşunlarını çıxarmalıdır. ABŞ Rusiyanın “Ukrayna Donetsk vilayətindən çıxsın” tələbində kompramis təklif edir. Ukrayna qoşunları ərazini tərk edir, lakin bura Rusiyaya verilmir, azad iqtisadi zona yaradılır".

A.Nərimanlı hesab edir ki, iki strateji məsələdəki razılaşmanın Ukrayna üçün müsbət və mənfi tərəfləri var: "Müsbət tərəfləri odur ki, Ukrayna Rusiyanın gələcək hücumları qarşısında təhlükəsizlik zəmanətləri əldə edir və Moskvanın “Donetskdən çıxma” tələbi qəbul olunmur. ABŞ-nin təklif etdiyi “azad iqtisadi zona”nın qəbulu üçün də referendum keçirilməlidir ki, bu, Kiyevə mövqeyindən geri çəkilməmək imkanı yaradır. Mənfi tərəf isə budur ki, təhlükəsizlik zəmanətlərinin praktiki müstəvidə işləyəcəyi, yaxud necə işləyəcəyi bəlli deyil. Sənəddə Rusiyanın hücum etməmək öhdəliyi analoji olaraq, Ukraynaya da şamil edilir. Bu, Kiyevin gələcəkdə işğal altındakı ərazilərini güc yolu ilə azad etmək imkanını sıradan çıxarır. Nəticə etibarilə, müharibə Ukrayna əraziləri hesabına dondurulmuş münaqişə ilə başa çatır. Sənəddə təsdiqlənən "Ukraynanın suverenliyi" əraziləri üzərində praktiki müstəvidə mövcud olmur. Ukrayna üçün mənfi tərəflər bununla yekunlaşmır".

Analitikə görə, Rusiyanın “20 bəndlik plandan” imtina etmək imkanları zəifdir: "Xüsusilə "razılaşmayan tərəf" kimi yenidən ABŞ-nin hədəfinə çevrilməsi və Vaşinqtonla danışıqların "sıfırlanması" riski fonunda bunu etməsi inandırıcı deyil. Moskvanın NATO, "neytral status", sanksiyaların ləğvi kimi istəklərinin nəzərə alınması qarşılığında ərazilər məsələsində "azad ticarət zona"sının yaradılması razılaşması mümkün variantlardan biri kimi görünür. Tramp Putini buna inandırmağa çalışacaq. Putin isə əsas tələblərini qəbul etdirmək məqsədilə "20 bəndlik" plana cavabı müəyyən müddətə qədər uzadacaq. Məqsəd həm pərdəarxası danışıqlarda ABŞ-nin mövqeyinə təsir göstərmək, həm də cəbhədə irəliləməyə davam etməkdir".