KKTC-nin Baş naziri Üstel: Türkiyə, Azərbaycan və KKTC arasındakı qardaşlıq əbədidir

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstel 8 Noyabr- Zəfər Günü münasibətilə yaydığı müraciətdə Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

Sherg.az xəbər verir ki, Üstel Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı qardaşlıq və həmrəyliyin ortaq tarix, dil və mədəniyyətdən güc aldığını vurğulayıb.

Baş nazir müraciətində 8 Noyabrın Azərbaycan xalqının Vətənə bağlılığını, müstəqillik iradəsini və birlik ruhunu nümayiş etdirən əlamətdar gün olduğunu bildirib. Qarabağın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusunu təbrik edən Üstel şəhidlərə Allahdan rəhmət və minnətdarlıq ifadə edib, qazilərə isə təşəkkürünü çatdırıb.

Azərbaycanın qələbəsinin Türk dünyasının ortaq qüruru olduğunu bildirən baş nazir, Kipr türk xalqının da bu sevinci ürəkdən bölüşdüyünü qeyd edib.

Üstel müraciətində bu fikirləri səsləndirib:

“Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı qardaşlıq ortaq tariximizdən, dilimizdən, mədəniyyətimizdən, eləcə də bir-birimizin sevincini və kədərini bölüşən güclü mənəvi bağlarımızdan qaynaqlanır. Azərbaycanın qələbəsi yalnız Azərbaycan xalqının deyil, Türk dünyasının və bu qardaşlığı qəlbində yaşadan Kipr türk xalqının da ortaq qürurudur.

"Bir millət, üç dövlət" anlayışı ilə Türkiyə, Azərbaycan və KKTC arasındakı həmrəyliyin bütün sahələrdə güclənərək davam edəcəyinə inanıram. Xalqlarımızın birlik və həmrəyliyi gələcəyə inamla addımlamağımızın ən böyük gücüdür. Qardaş Azərbaycanın yanında olmağa, ortaq dəyərlərimizi və qardaşlığımızı gələcək nəsillərə ötürməyə davam edəcəyik.

Can Azərbaycan xalqının 8 Noyabr- Zəfər Günü mübarək olsun! Azərbaycanın qələbəsi daim, qardaşlığımız əbədi olsun”.