Maduronu devirən hərbi komanda İran üçün bölgəyə göndərildi

ABŞ “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi və onu müşayiət edən eskadronu Yaxın Şərqə göndərib, onların aprel ayının sonlarınadək geri qayıtması gözlənilmir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

“Ford”un heyəti bu ezamiyyət barədə məlumatlandırılıb.

ABŞ Prezidenti Donald Trump bundan əvvəl İrana təzyiqi artırmaq məqsədilə bölgəyə daha bir təyyarədaşıyan gəmi göndərəcəklərini açıqlamışdı.

“Ford” iyulun 3-də əsas bazası olan Norfolk limanını (Vircinya ştatı) tərk edib. Əvvəlcə Avropaya dəniz səfərinə çıxması planlaşdırılsa da, Karakasa qarşı maksimum təzyiq siyasəti çərçivəsində marşrutunu Karib hövzəsinə dəyişib və Venesuela sularında qalıb.

“Ford”da yerləşən döyüş təyyarələri yanvarın 3-də Karakasa hücum və Prezident Nikolas Maduronun saxlanılmasında iştirak edib.

“Wall Street Journal” da bundan öncə yazmışdı ki, ABŞ ordusu İrana mümkün hücuma hazırlaşdığı vaxtda Pentagon ikinci aviadaşıyıcı zərbə qrupuna Yaxın Şərqə göndərilmək üçün hazırlıq əmri verib.