İspaniya La Liqasında mübarizə aparan "RCD Mallorca" futbol klubunun oyunçuları gündəmin ən aktual mövzusuna eyham vurublar.
Sherg.az xəbər verir ki, yanvarın 4-ü, bazar axşamı öz meydanında “Girona”nı qəbul edən "RCD Mallorca" komandasının futbolçularının stadiona daxil olarkən geyindikləri idman şalvarları diqqət çəkib.
Klubun oyunçuları Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılaraq “USS Iwo Jima” adlı gəmidə geyindiyi idman şalvarlarına bənzər geyimdə olublar. Klubun sosial media hesabında futbolçuların stadiona giriş görüntüləri paylaşılarkən, geyindikləri “Maduro idman şalvarı” da diqqətdən qaçmayıb.
ABŞ Prezidenti Donald Trampın sosial mediada paylaşdığı ilk görüntüdə Maduronun geyindiyi idman şalvarı böyük maraq doğurmuşdu. Sosial mediada sürətlə yayılan və maraq oyadan bu idman şalvarının - Amerika idman geyimi markasına məxsus məhsulun anbar ehtiyatları qısa zamanda tükənmişdi.