Maduronun oğlundan xəyanət sözləri: “Hərbi qüvvələr heç bir müqavimət göstərmədi”

Nikolas Maduronun oğlu, ABŞ tərəfindən saxlanılan atası və anası ilə bağlı daxili xəyanət ehtimalına diqqət çəkib. Əməliyyatın problemsiz şəkildə həyata keçirilməsi bəzi venesuelalıların amerikalılarla əməkdaşlıq etmiş ola biləcəyi ehtimalını gündəmə gətirib.

Sherg.az xəbər verir ki, Venesuelanın keçmiş lideri Nikolas Maduronun oğlu Nikolas Maduro Gerra, ABŞ-ın rəhbərliyi ilə keçirilən əməliyyat nəticəsində atasının və Cilia Floresin saxlanılmasından sonra hakimiyyət düşərgəsi daxilində mümkün xəyanətlərə qarşı xəbərdarlıq edib.

Onlayn yayımlanan səs yazısında danışan Maduro Gerra, məsul şəxslərin tarix qarşısında üzə çıxacağını bildirib. Onun açıqlamaları atası ətrafında formalaşan Çavismo hərəkatı daxilində daxili parçalanmaların ola biləcəyinə işarə edir.

“Xəyanət edənlərin kim olduğunu tarix göstərəcək. Tarix bunu ifşa edəcək”, - deyə o bildirib.

La Quayra ştatından deputat olan və hakim Vahid Sosialist Partiyasının (PSUV) yüksək vəzifəli üzvlərindən sayılan Maduro Gerra tərəfdarları birliyə çağırıb. O, partiya üzvləri və tərəfdarlarının 4 və 5 yanvar tarixlərində səfərbər olunmasını istəyərək siyasi yenidən toparlanmanın və mənəvi ruhun qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda “xarici hücumlara” qarşı daha sıx siyasi və hərbi koordinasiyanın zəruri olduğunu deyib.

Səs yazısında Maduronun ABŞ nəzarətində olduğunu təsdiqləyən Gerra, qəzəb və ağrıya baxmayaraq hərəkatın küçələrdə olmağa davam edəcəyini bildirib:

“Bizi zəif görmək istəyirlər. Yaxşıyıq, sakitik. Bizi xalqın arasında görəcəksiniz. Əlbəttə canımız yanır, əlbəttə qəzəblənirik, amma bacarmayacaqlar”.

Digər tərəfdən, Nikolas Maduro və həyat yoldaşı Cilia Flores hazırda ABŞ-da saxlanılır. Onların həbsdən sonra ilk dəfə bazar ertəsi günü Nyu-Yorkda federal məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

"CBS News"in məlumatına görə, cütlük Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində günorta saatlarında hakim qarşısına çıxacaq. Onlara qarşı “narko-terrorçuluq” və narkotik qaçaqmalçılığı məqsədilə cinayət əlaqəsi qurmaq ittihamları irəli sürülüb.