"Venesuela Prezidentinin qaçırılması çoxdan təşkil edilib. Çünki ola bilməz ki, bir prezidentin mühafizəçiləri bu qədər kar və kor olsun"
Venesuela dövlət başçısı Nikolas Maduronun yanvarın 3-də ABŞ ordusu tərəfindən keçirilən əməliyyatla saxlanılması geniş müzakirələrə səbəb olub. Pentaqonun əməliyyatı Rusiya, Çin kimi ölkələr tərəfindən pislənib. Avropa ölkələri isə məsələyə hüquqi aspektdən qiymət vermənin çətin olduğunu bildirib. Siyasi şərhçilər əməliyyatın keçirilməsinin səbəbini Venesuelanın dünyanın ən çox neft ehtiyatına sahib ölkə olduğunu bildirir. Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodrigez bazar günü Nikolas Maduronun ələ keçirilməsi anından bəri ilk dəfə olaraq barışdırıcı ton nümayiş etdirərək, “birgə inkişaf”a yönəlmiş proqram çərçivəsində ABŞ ilə əməkdaşlıq etməyi təklif edib. Bəs, baş verən proseslərin pərdə arxasında hansı məqamlar dayanır?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a açıqlamasında Venesuelada baş verənləri böyük siyasi proseslərin kiçik hissəsi adlandırıb:
- Tofiq bəy, Venesuelada baş verən son proseslər haqqında nə düşünürsünüz? Bir dövlət başçısının qaçırılması çox öyrəşdiyimiz hadisəsi deyil.
- Əslində Birləşmiş Ştatlar düşmənlərinə qarşı hibrid müharibədə bu cür üsullardan çoxdan istifadə edir. Kubanı, Əfqanıstanı nümunə göstərmək olar. Maduronun qaçırılması çoxdan təşkil edilib. Çünki ola bilməz ki, bir prezidentin mühafizəçiləri bu qədər kar və kor olsun. Bilirsiniz, bu məsələyə aid diskussiya çox genişdir. Ancaq görünən odur ki, beynəlxalq hüquq və prinsiplər işləmir. Biz Azərbaycan olaraq bunları çoxdan bilirik. Məsələ mənafeyə uyğun olduqda onun beynəxalq hüquq və prinsiplərə uyğun olub-olmadığına baxılmır. Gücü, imkanı olan məqsədinə çatmaq üçün hər şeyi edir.
-Bəs, bundan sonra Venesuelada nələr baş verəcək. Venesuelada yeni seçkilər keçiriləcək? Ümumiyyətlə ABŞ hansı xətti izləyəcək?
- Açığı orada nə baş verəcəyi məni maraqlandırmır. Teatrda dekorasiyaların dəyişdirildiyi kimi Venesuelada da dəyişikliklər gözlənilir. ABŞ oranın sahibi olacaq.
- Prosesin gələcəyini necə proqnozlaşdırırsınız?
- Prosesin gələcəyi bəllidir. Tramp açıq şəkildə bəyan edir ki, ABŞ dünyada iqtisadi, texnoloji və hərbi hegemon olaraq qalmalıdır. Mən şəxsən hazırda ABŞ-yə rəqib ola biləcək 2 mərkəz görürəm. Avropa İttifaqı və Çin. Və bu mərkəzlər arasında rəqabət başlayıb. ABŞ bu rəqabətdə bütün enerji ehtiyatları və kommunikasiya xətlərini nəzarəti altına almağa çalışır. Ərəb və körfəz ölkələri ilə müharibələrin də pərdə arxasında bu məsələlər var idi. Venesuelanı da hədəf edən onun təbii sərvətləri olub. Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi bu ölkənin payına düşür. Neft ehtiyatları zəngin olub ABŞ-nin dominantlığını qəbul etməyən iki dövlət qalıb. Rusiya və İran. Biz görürük ki, bu iki dövlətə ciddi sanksiyalar tətbiq edilir, dolayı və ya birbaşa yolla hərbi əməliyyatlara məruz qalır. Kommunikasiya xətlərinə gəldikdə isə ABŞ-nin Panama kanalı, Malakka boğazı ilə bağlı təşəbbüsləri var. Yəni Maduro məsələsi böyük siyasi proseslərin kiçik bir hissəsidir.
- Məsələnin Azərbaycana dolayı təsiri ola bilər? Çünki qeyd etdiyiniz kimi Venesuela dünyada ən çox neft ehtiyatına sahib ölkədir, proseslər gələcəkdə Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
- Hesab edirəm ki, proses bizə çox da təsir etməyəcək. ABŞ Venesuela nefti ilə rəqiblərinə təsir etməyə çalışacaq.