Son dövrlər, ABŞ ilə Avropa İttifaqı arasında dərinləşən fikir ayrılıqları diplomatik narazılıq çərçivəsini aşaraq, strateji ziddiyyət mərhələsinə keçib. Tərəflər Rusiya-Ukrayna müharibəsinə yanaşma, NATO çərçivəsində öhdəliklərin bölüşdürülməsi, təhlükəsizlik xərclərinin artırılması və Avropanın geosiyasi muxtariyyətə can atması kimi fundamental məsələlərdə ortaq mövqedən uzaqlaşırlar.
Məsələ ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun verdiyi açıqlama da xüsusi diqqət çəkib. O, ABŞ administrasiyasının Avropa İttifaqının parçalanmasında maraqlı olduğunu bildirib. Makron həmçinin Avropa İttifaqının ABŞ-la əməkdaşlıq strategiyasını uğursuz hesab edib.
Mövzu ilə əlaqədar politoloq, Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, Makronun səsləndirdiyi fikirlər reallığa söykənir:
“ABŞ qlobal lider kimi öz siyasətini dünya miqyasında güc balansının qorunması üzərində qurur. Fransa və Alamaniya isə qitədə liderliyi ələ alaraq, Avropanı müstəqil güc mərkəzinə çevirmək niyyətindədir. Bu kontekstdə Amerika ilə Avropanın strateji maraqları toqquşur. Trampın ilk hakimiyyəti dövründə tərəflər arasındakı gərginlik açıq müstəviyə keçdi. O vaxtdan etibarən, Avropa öz orudsunu yaradıb, NATO və Amerikadan uzaqlaşmaq üzrə planlar həyata keçirdi. Avropa ordusunun yaradılması təşəbbüsünün əsas tərəfdarlarından biri də məhz E.Makron idi”.
Politoloqun sözlərinə görə, Avropa ölkələrinin müstəqil siyasət yürütməsi ABŞ-ın qlobal geosiyasi maraqları ilə ziddiyyət təşkil edir:
“Tramp hakimiyyətinin ilk mərhələsində Avropadakı millətçi siyasi qüvvələri dətəkləyirdi. Çünki millətçi hərəkatlar, Almaniya və Fransanın Avropa İttifaqında geosiyasi ambisiyalarını genişləndirmək planlarına qarşı çıxır. Ukrayna müharibəsinin başlanmasının arxasında duran əsas səbəblərdən biri də Avropanın müstəqil geosiyasi güc mərkəzinə çevrilmək planının əngəllənməsi idi. Həmin dövrdə Avropa daxilində NATO-dan uzaqlaşma və müstəqil ordu yaratmaq ideyaları güclənirdi”.
A.Nərimanlının qənaətinə görə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə, Avropanı NATO-nun “çətiri” altına qayıtmağa məcbur etdi:
“Rusiya-Ukrayna müharibəsinin iqtisadi və sosial yükünü Avropa daşıyır, strateji və geosiyasi dividendlər isə ABŞ-ın xeyrinə formalaşır. Trampın ikinci hakimiyyəti dövründə isə Amerika ilə Avropa arasında geosiyasi qarşıdurma yenidən kəskinləşdi. Bu mərhələdə Vaşinqton artıq Avropanın geosiyasi ambisiyalarını nəinki qəbul etmir, hətta onun təhlükəsizlik arxitekturasını zəiflədən addımlar atır. Tramp administrasiyasının hazırkı siyasəti Avropanı çətin vəziyyətə salıb”.
Aybəniz Səfərova