Meloni: Heç nəyə görə peşman deyiləm

İtaliyanın Baş naziri Corca Meloni Ankarada keçirilən NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Trampla münasibətləri və İranla bağlı vəziyyətə dair açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Meloni NATO-nun mövcud təhdidlərin fərqində olduğunu və alyansın özünü daha da gücləndirmək əzmində olduğunu bildirib. O qeyd edib ki, İtaliya müdafiə sahəsində öhdəliklərini yerinə yetirməyə davam edəcək, lakin bunu öz prioritetlərini müəyyənləşdirərək həyata keçirəcək.

İranla bağlı danışan Baş nazir hərbi yolun indiyədək real nəticə vermədiyini vurğulayaraq, böhranın həlli üçün danışıqların davam etdirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, İtaliya diplomatik səyləri dəstəkləməyə davam edəcək.

Donald Trampla münasibətləri barədə suala cavab verən Meloni isə siyasi mövqeyindən geri çəkilmədiyini deyib: "Etdiyim heç nəyə görə peşman deyiləm. Mən bu yanaşmanı Tramp hakimiyyətə gəldiyi üçün deyil, Qərbin birliyinə inandığım üçün seçmişəm. Trampla miqrasiya və "woke" mədəniyyəti kimi məsələlərdə ortaq baxışlarımız var. Hadisələr fərqli istiqamətdə inkişaf etsə də, fikrimi dəyişmirəm".

Meloni həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirdiyini, müdafiə, qanunsuz miqrasiya və regional təhlükəsizlik məsələlərini müzakirə etdiklərini bildirib və NATO sammitinin yüksək səviyyədə təşkilinə görə Ərdoğana təşəkkür edib.