Miladi təqvimin kökündə yanlışlıq var - Rafiq İsmayılov

Professor Bibliyadan sitat gətirib

Bu gün xristian dünyası Milad bayramını – İsa peyğəmbərin doğum gününü qeyd edir. Dünyada və ölkəmzidə yaşayan, xristian dininə mənsub vətəndaşlarımızı bayram münasibətiylə təbrik edirik, dünyamıza sülh, əmin-amanlıq arzulayırıq. Azərbaycan dini dözümlülüyün ən üst səviyyədə olduğu, dini inanclara hörmətlə yanaşan, hər kəsin dini etiqad azadlığını tanıyan ölkədir. Bu, əlavə sübuta ehtiyacı olamayan həqiqətdir. Tarix də yanlışlığı sevmir.

Sherg.az xəbər verir ki, professor Rafiq İsmayılov Milad bayramının tarixi ilə bağlı sosial şəbəkədə maraqlı paylaşım edib. R.İsmayılov Miladi təqvimin kökündə yanlışlıq olduğunu bildirir: 

- Əslində, uydurulmuş bir tarixdir. Ümumiyyətlə, Miladi təqvimin kökündə yanlışlıq var. İsa Məsih heç də 2025 il əvvəl doğulmayıb. Tarixçilər və astronomlar artıq bunu sübut ediblər. Bu təqvimin yaranma tarixi maraqlıdır. 526-cı ildə Dionis Ekzikus adlı bir rahib təklif etdi ki, il hesabı İsa Məsihin doğum günündən başlasın. Roma papaları məlum səbəbdən bu fikri dəstəklədilər və VIII əsrdən etibarən Miladi təqvim Avropada geniş yayıldı. Amma Dionis İsa Məsihin doğum ilini düzgün hesablamamışdı. 

Burada professor Bibliyadan sitat gətirib: “Bibliyada deyilir: İsa Məsih Yəhudeya çarı İrodun (Herodun) dövründə, “Körpələrin qətliamı” baş verdiyi ildə doğulub. Hadisələrin qısa tarixçəsi belədir: Qüdsdə peyda olmuş üç müdrik qoca bildirir ki, Beytləhmdə (Qüds yaxınlığında şəhərcik) Yəhudeyanın gələcək padşahı anadan olub. Qorxuya düşən İrod əmr edir ki, Beytləhmdə 2 yaşından aşağı bütün körpələri qətlə yetirsinlər. İsanın atası sayılan Yusif (İosif) bu xəbəri eşidəndə Məryəm ananı və körpə İsanı götürüb Misirə qaçır. İrod öldükdən sonra onlar Yəhudeyaya (Nazaretə) qayıdırlar. Bu gün artıq tarixçilər sübut ediblər ki, çar İrod e.ə. 4-cü ildə ölüb. Deməli, eradan ən azı 4 il əvvəl İsa Məsih artıq dünyaya gəlmişdi. Bundan başqa, Bibliyada deyilir ki, İsa Məsih anadan olan il Roma imperiyasında əhalinin siyahıyaalması keçirilirdi. Tarixçilərin fikrincə, Roma imperiyasında əhalinin siyahıyaalması e.ə. VIII-VI əsrlərdə baş vermişdir. Bu faktlardan belə bir nəticə çıxarmaq olar ki, İsa Məsih eramızdan təxmiinən 7 il əvvəl doğulub”.

Qeyd edək ki, sonuncu səmavi kitabımız olan Qurani-Kərimdə İsanın (ə) dünyaya gəlməsinin Allahın (c.c.) iradəsi ilə möcüzəvi bir şəkildə baş verdiyi anladılır. Məryəm (ə) ana müqəddəs ruh – Cəbrayıl (ə) tərəfindən pak bir uşaqla müjdələnir. Məryəm ananın qorxuya düşərək “mənə indiyədək bir insan əli toxunmayıb” deməsi qarşılığında cənab Cəbrayıl “bu, Rəbbin əmridir. Onun üçün mümkünsüz iş yoxdur”, deyir. Bu hadisə Adəm peyğəmbərin (ə) torpaqdan yaradılması ilə müqayisə edilir, yəni Allahın qüdrətinin göstəricisidir. 

Bir daha xristian bacı-qardaşlarımızı Milad bayramı münasibətiylə təbrik edirik.