“Mühafizə zonasına icazəsiz daxil olmağa cəhd cinayət sayılır” - Tofiq Zülfüqarov

Xarici səfərlər zamanı mühafizə ilə bağlı şəxsi təcrübəmə əsasən məlumdur ki, mühafizə olunan şəxsi müşayiət edən silahlı təhlükəsizlik əməkdaşları ABŞ ərazisinə səfərdən əvvəl Dövlət Departamentinə rəsmi nota təqdim edirlər. Həmin notada silahların seriya nömrələri və döyüş sursatının miqdarı əvvəlcədən göstərilir.

Bakupost.az xəbər verir ki, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu sözləri açıqlamasında bildirib.

Sabiq nazirin sözlərinə görə, bu cür səfərlər zamanı mühafizə ABŞ Məxfi Xidməti (Secret Service) tərəfindən təyin edilmiş əlaqələndirici zabitlə tam koordinasiya şəraitində həyata keçirilir: “Məhz bu zabit yerli polis strukturlarına göstərişlər verir və təhlükəsizlik tədbirlərinin icrasını uzlaşdırır. Yalnız BMT binası daxilində fərqli protokol tətbiq olunur”.

Politoloq qeyd edib ki, mövzu ilə bağlı süni intellektin təqdim etdiyi izah da bu yanaşmanı təsdiqləyir: “Bildirilir ki, mühafizə zona üzrə bölünmüş şəkildə, çoxpilləli təhlükəsizlik modeli əsasında qurulur. Şəxsi mühafizəçilər ABŞ təhlükəsizlik qurumları ilə sıx əməkdaşlıq edir və əsas məqsəd birbaşa təhlükənin qarşısının alınmasıdır. Mühafizə məsafəsi isə universal norma deyil və situasiyaya uyğun dəyişə bilər”.

“Bu baxımdan, mühafizə zonasına icazəsiz daxil olmağa cəhd ABŞ qanunvericiliyinin pozulması hesab olunur. Belə hallarda hücumun odlu silahdan istifadə edilmədən, humanist üsullarla qarşısının alınması təhlükəsizlik xidmətinin peşəkarlıq səviyyəsini və hazırlığını nümayiş etdirir”, – deyə Tofiq Zülfüqarov bildirib.

Xatırladaq ki, dünən ABŞ-də səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı hotelin qarşısında bir qrup şəxs tərəfindən təxribat baş verib. Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar.