"İlham Əliyevin diplomatiyası çətin geosiyasi şəraitdə, Azərbaycanın mövqelərini möhkəmləndirir"
“Münhen Təhlükəsizlik Konfransı (MTK) təkcə təhlükəsizlik müzakirələrinin aparıldığı platforma deyil, həm də qlobal güc balansının, yeni siyasi narrativlərin və dövlətlərin mövqelərini açıq şəkildə nümayiş etdirdiyi əsas diplomatik səhnələrdən biridir.
2026-cı il Konfransının “Dağıdıcı siyasət dövrü – beynəlxalq nizama çağırışlar” mövzusu əslində mövcud beynəlxalq sistemin dərin böhran içində olduğunu təsdiqləyir. Qaydaların aşındığı, güc siyasətinin normativ diplomatiyanı sıxışdırdığı bir mərhələdə dövlətlər artıq daha açıq və prinsipial mövqelər sərgiləməyə məcburdurlar”.
Bu sözləri, deputat Pərvanə Vəliyeva Sherg.az-a Azərbaycan Prezidenti İlham Əliyevin 13 fevral tarixində Münxendə “France 24” telekanalına verdiyi müsahibə ilə bağlı təəssüratlarını bölüşərkən səsləndirib:
Deputat bildirib ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, xüsusilə France 24 kanalına verdiyi müsahibə siyasi baxımdan çoxölçülü əhəmiyyət daşıyır:
“Azərbaycan liderinin alicənablığı ondadır ki, ölkəmizə qarşı qərəzli mövqe tutmuş Fransa mediasında öz baxışlarını birbaşa beynəlxalq auditoriyaya çatdırdı. Bu, informasiya müharibəsində Azərbaycan üçün diplomatik üstünlükdür. Dövlət başçımızın müharibə cinayətləri ilə bağlı Azərbaycanın məhkəmə prosesini Nürnberq ilə müqayisə etməsi hüquqi və tarixi arqumentlərə söykənən güclü siyasi mesaj idi. Burada əsas narrativ ondan ibarətdir ki, ədalət və hüquq prinsipləri selektiv yanaşma ilə tətbiq oluna bilməz. Azərbaycan beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər üçün açıq məhkəmə, beynəlxalq müşahidə və hüquqi təminatlar əsasında lazımi şərait yaratmışdı. Lakin onları azad etmək, Nürnberq prosesində faşistləri azad etmək qədər absurd olardı”.
Deputat bildirib ki, ABŞ Vitse-prezidenti Cey Di Vens ölkəmizə səfəri zamanı bu məsələni qaldırsa da, ona Azərbaycanın haqlı mövqeyi izah olunub:
“Azərbaycan ABŞ-dən istədiyi hər şeyi aldı. Ancaq bu məsələdə prinsipiallıq qorundu. İlham Əliyev ABŞ kimi lider ölkə ilə sövdələşmədə belə, milli maraqlarımız naminə strateji, gələcəyə yönəlik addımlar atır. Qarabağdan köçən ermənilərin qayıdışı məsələsində Prezidentin mövqeyi balanslı və qarşılıqlı yanaşmaya əsaslanır. Yüz minlərlə Qərbi azərbaycanlıların taleyinin cənab Prezident tərəfindən gündəmə gətirilməsi, beynəlxalq diskursda kənarda saxlanılan mühüm bir ədalətsizliyi siyasi paralellərlə ön plana çıxardı. Qarabağdan köçən ermənilərin inteqrasiyası üçün lazımi şərait yaradılsa da, bugünki Ermənistandan zorla deportasiya olunmuş qərbi azərbaycanlılara heç bir hüquq tanınmamaqla yanaşı, onların çoxsaylı müraciətləri Ermənistan hökuməti tərəfindən cavabsız qalıb”.
Deputatın sözlərinə görə, Fransa-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən arqumentlər isə Parisin ikili standartlarını ifşa edir:
“Fransa bir tərəfdən Ukrayna və digər ölkələrin ərazi bütövlüyünü müdafiə edərkən, digər tərəfdən Qarabağda separatizmi dəstəkləməsi ilə ikili yanaşma nümayiş etdirirdi. Sonda isə münasibətlərin bundan sonrakı taleyi şərh olunur: “Kopenhagendə ötən il Fransa Prezidenti Makronun dəvəti ilə görüş olub. Görüş müsbət keçib. Azərbaycanın da ən son istəyəcəyi hansısa ölkə ilə probleminin olmasıdır. İki tərəf də münasibətlərin normallaşmasına hazırdı. Yaxın gələcəkdə yenidən görüş ola bilər”. Rəsmi Bakının normallaşmaya açıq mesajlar verməsi Azərbaycanın konstruktiv və praqmatik diplomatiyasının göstəricisidir”.
Deputat, qeyd edib ki, Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr Azərbaycanın qitələrarası strateji aktora çevrildiyini təsdiqləyir:
“Avropa Komissarı Marta Kos, Avropa İttifaqının layihəyə maraqlı olduğunu qeyd edərək, Naxçıvan dəmiryolu layihəsinin texniki-iqtisadi qiymətləndirməsinin aparılacağını vurğulayıb. Layihə Çindən başlayaraq Avropaya qədər uzanır. Bütün region ölkələrinin bu layihədən faydalanacağı gözlənilir. Bir sözlə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq sistemdə açıq, prinsipial və təsirli aktor kimi çıxış etdiyini nümayiş etdirdi. İlham Əliyevin diplomatiyası isə çətin geosiyasi şəraitdə, Azərbaycanın mövqelərini möhkəmləndirir”.
Aybəniz Səfərova