Müxalifət və media kənarda qaldı - Aydın Sezer Antalya forumunu dəyərləndirib

“Daxili problemlər həll olunmadan qlobal planlar inandırıcı deyil”

Dünyanın müxtəlif guşələrində müharibələrin cərəyan etdiyi dönəmdə, ərsəyə gələn Antalya Diplomatiya Forumu, sözün silahdan üstün tutulduğu nadir platformalardan biri kimi dialoq körpüsünü açıq saxlayır. 2021-ci ildən etibarən hər ilin aprel ayında təşkil edilən konfrans, yeni diplomatik nəfəsin formalaşdığı beynəlxalq platformaya çevrilib.

Forum, Yaxın Şərqdə regional əməkdaşlıq, terrorla mübarizə, Avropada təhlükəsizliyin nəzərdən keçirilməsi istiqamətində bir sıra problemlərin diplomatik səviyyədə həll edilməsinə üstünlük verir. Konfransda 150 ölkədən təxminən 500 dövlət başçısı, yüksək vəzifəli diplomat və hökumət rəsmisi iştirak edib. Forum çərçivəsində ayrı-ayrı panel müzakirələr keçirilib. Tədbirdə, Balkan ölkələrində mövcud problemlərin həlli, Qəzza ilə bağlı səkkiztərəfli görüşün prioritetləri müzakirə olunub. Bunlarla paralel olaraq, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə formalaşmış Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşləri ətrafında da fikir mübadiləsi aparılıb. 

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, minlərlə rəsmi nümayəndəni bir araya gətirən forum, həm diplomatik əlaqələrin inkişafı, həm də Türkiyənin beynəlxalq arenada mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Lakin konfrans R. T. Ərdoğanın himayəsi altında keçirildiyi üçün müxalifət partiyaların nümayəndələri və jurnalistlər dəvət olunmamışdı. Forum faktiki olaraq, hökumətin öz siyasi təbliğatını həyata keçirdiyi birtərəfli tribuna xarakteri daşıyır. Nəticə etibarilə, iştirakçılar ölkənin xarici siyasətini hökumətin formalaşdırdığı vahid baxış bucağı çərçivəsində öyrənmək məcburiyyətində qaldılar. Təəssüf ki, Qərb mediası Antalya Diplomatik Forumuna kifayət qədər diqqət yetirmir”. 

Eskpertin sözlərinə görə, Qərb ölkələri konfransı, Türkiyə hökumətinin siyasi piar və imic quruculuğu strategiyasının elementi kimi qəbul edir: 

“Onlar forumun siyasi alətə çevrilməsinə qarşı ehtiyatlı mövqe sərgiləyirlər. Bu konfrans zaman keçdikcə, Yaxın Şərq və Afrika ölkələrinin üstünlük təşkil etdiyi, Qlobal Cənub platforması kimi formalaşır. Rusiya adətən konfransa, xarici işlər naziri səviyyəsində nümayəndə göndərir. Çin isə Qərb ölkələri kimi yüksək səviyyədə iştirak etmir”. 

A.Sezerin fikrincə, platforma əsasən daha az inkişaf etmiş ölkələrin iştirakına açıq olan formata keçir:

“Əgər forum həqiqətən beynəlxalq platforma kimi təqdim olunursa, müxalifət nümayəndələrinin də bərabər əsasda təmsil olunması vacib idi. Reallığa nəzər saldıqda forumun hökümətin çalıb-oynadığı tribunaya çevrildiyinin şahidi oluruq. İştirakçıların 5 minə çatdığı bildirilsə də, kütlənin 4 min nəfərini tələbə və praktikant qrupu təşkil edirdi”. 

Analitik bildirib ki, Türkiyə höküməti ölkənin daxili məsələlərini həll etdikdən sonra digər dövlətlərin problemlərinə yönəlməlidir:

“Müxalifətə qarşı aparılan həbslər siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Millət hüquq-ədalət axtarışına görə çöllərə tökülüb. Demokratiya ilə bağlı problemlər getdikcə kəskinləşir. Türkiyənin daxili gündəminin dolaşıq olduğu bir vaxtda, hökumətin qlobal gələcək planlarından danışması inandırıcı görünmür”.