"Rusiyanın Ukraynaya təcavüzü, artıq Böyük Vətən müharibəsindən daha çox davam edir. Bu isə Putin və komandası üçün ciddi siqnal və “anti-Pr” elementidir. Bu yükün altından çıxmaq çətin olacaq".
Bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli deyib. O hesab edir ki, Kremlin rəsmi təbliğatçıları belə, bu qədər uzanan müharibəni izah etməyə söz tapmırlar: 
“Yeni tezisləri odur ki, Ukrayna qardaş xalqdır, biz total müharibə aparmırıq, vətəndaşlara ziyan vurmaq istəmirik – halbuki, Rusiyanın təcavüzü nəticəsində həlak olan dinc ukraynalıların sayı 30 mindən çoxdur (Mariupolda ölənlər bura daxil deyil, çünki, onların dəqiq sayı bilinmir). Rusiyanın Ukrayna ərazisində törətdiyi dağıntıların, vurduğu ziyanın dəyəri isə 1 trilyon dolları keçib”.
N. Cəfərlinin sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü, Ukraynanın isə bu təcavüzü önləmək üçün atmadığı addımlar, tarixdə “axmaqların müharibəsi”, kimi qalacaq, hər iki ölkədə gələcək nəsillər bu mənasız, qanlı savaşı lənətləyəcəklər...