Azərbaycan-BƏƏ mesajı: “Regionda təhdid olarsa, birlikdə hərəkət edəcəyik” - ŞƏRH

3 milyard dollarlıq silah ixracı və birgə təlimlər Azərbaycan–BƏƏ hərbi ittifaqını gücləndirir

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri, orada keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycan dövlətinin strateji hədəflərinin miqyasını, həmçinin beynəlxalq münasibətlər sistemindəki yerini yenidən müəyyənləşdirir. Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüş Şərq və Qərb, Şimal və Cənub nəqliyyat-logistika, enerji dəhlizlərinin kəsişməsində qərarlaşan iki qüdrətli dövlət arasında mövcud əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisidir.

Görüşdə diqqətçəkən məqam hərbi-texniki əməkdaşlıq və təhlükəsizlik sahəsində atılan addımlarla bağlıdır. “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri iki ölkə arasındakı əlaqələrin, həm də dərin hərbi strateji məzmun daşıdığını sübut edir. Hərbi təlimlər, xüsusən də müasir döyüş taktikalarının, hibrid müharibə elementlərinin və yüksək texnoloji silahların tətbiqini nəzərdə tutan manevrlər Silahlı Qüvvələrin operativ uyğunluğunun artırılması baxımından əvəzsizdir. Azərbaycan Ordusunun 44 günlük müharibədə və sonrakı antiterror əməliyyatlarında qazandığı nadir döyüş təcrübəsi ilə BƏƏ-nin sahib olduğu yüksək texnoloji hərbi potensialın vəhdəti regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir.

Milli Məclisin deputatı Sahib Alıyev “Sherg.az”a bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin Əbu-Dabidə keçirdikləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimində əsas məqsədin "ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmininə töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaq" olduğu bildirilir. Deputatın fikrincə bu təlimlərin məhz indi keçirilməsi, hazırda regionda yaranmış vəziyyətdən qaynaqlanan müəyyən təhdidlər olarsa, hər iki ölkənin birgə hərəkət edə biləcəklərini düşünməyə əsas verir:

 “Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçılarının da izlədikləri bu təlimlərdə hər iki ölkənin hərbçilərinin bir-birlərindən öyrənəcəkləri çox şey var. F-16 Block 60 və Mirage 2000 qırıcılarının çoxluq təşkil etdiyi güclü hərbi hava və hərbi hava hücumundan müdafiə qüvvələri olan Birləşmiş Ərəb Əmirlikləri ordusu sürətli lokal döyüşlər keçirməkdə yüksək ustalıq göstərməsi ilə fərqlənir.  Yəməndə, Əfqanıstanda və bir sıra Afrika ölkələrində əməliyyatlar aparıb. Azərbaycan ordusu isə genişmiqyaslı quru döyüşlərində qələbə qazanmış, müdafiəyarma bacarığı ilə tanınan barmaqla sayılacaq qədər az ordulardan biridir. Yəni bir-birlərindən öyrənməli çox şey var. 

Hər iki ölkə öz hərbi sənayesini də uğurla böyüdür. BƏƏ-nin hərbi sənayesinin əsas sütunu – pilotsuz uçuş aparatları, ağıllı silahlar, zirehli texnika və kiber-müdafiə sahəsində 218 çeşiddə məhsul istehsal edən EDGE Group ötən il 3 milyard dollarlıq ixrac müqaviləsi imzalayıb. 2024-cü ilin yanvarında "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", 2025-ci ilin sentyabrında Şuşada "Hərtərəfli Strateji Tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə imzaladığımız, çox qısa müddətdə strateji tərəfdaşdan hərtərəfli strateji tərəfdaşa çevrilən bu dost ölkə ərəb dövlətləri arasında həm də özünün yüksək döyüş və müdafiə qabiliyyətli ordusunun olmasıyla fərqlənir. BƏƏ-nin bu il üçün müdafiə büdcəsi təqribən 27 milyard dollardır. Ordusu say, hazırlıq və döyüş təcrübəsini uğurla əlaqələndirməyi bacardığına görə onu “Kiçik Sparta” da adlandırırlar”.

 S. Alıyev sonda qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bir daha göstərir ki, bir çox baxımdan bir-birinə bənzəyən ölkələrimiz arasındakı strateji tərəfdaşlıq həqiqətən də hərtərəfli xarakter alır və bu, sadəcə sənəd üzərində deyil.