Netanyahunun Türkiyə şoku! Eşidən kimi telefona sarıldı: Geri dönüşü yoxdur!

İsrail mətbuatı yazır ki, Baş nazirlik Ofisinin 17 yanvarda Netanyahunun Xarici İşlər naziri Gideon Saara amerikalı həmkarı Marko Rubio ilə görüşməsi üçün göstəriş verdiyini açıqlamasından qısa müddət sonra İsrail Baş naziri Rubionu birbaşa özü arayaraq onunla telefon danışığı aparıb.

Sherg.az xəbər verir ki, Netanyahu Rubio ilə söhbətində İsrailin Türkiyə və Qətərin Şurada yer almasına qarşı olduğunu bildirib və ABŞ-nin bu qurumla bağlı açıqlamasına təəccübləndiyini deyib.

Mövzu ilə bağlı məlumatlı mənbələr Netanyahunun ABŞ Prezidenti Donald Trampın qərarını açıqlamasından sonra geri dönüşün mümkün olmadığı bir prosesə girildiyini anladığını bildiriblər.

İsrail Baş nazirlik Ofisinin Netanyahu-Rubio telefon danışığını təsdiqlədiyi qeyd olunub.

İsrail Baş nazirlik Ofisi 17 yanvarda ABŞ-nin elan etdiyi Qəzza İdarəetmə Şurasının İsraillə məsləhətləşmədən yaradıldığını və bunun Təl-Əviv rəhbərliyinin siyasəti ilə ziddiyyət təşkil etdiyini iddia etmiş, Netanyahunun məsələni müzakirə etmək üçün Xarici İşlər naziri Saara amerikalı həmkarı Rubio ilə əlaqə saxlaması barədə göstəriş verdiyini açıqlamışdı.

Yerli mətbuat Qəzza İdarəetmə Şurasında Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın yer almasının Təl-Əviv rəhbərliyində ciddi narahatlıq yaratdığını yazıb.

Qəzza İdarəetmə Şurası, Ali Təmsilçilik Ofisi və Qəzzanın idarə olunması üçün yaradılmış Qəzza İdarəetməsi Milli Komitəsinin fəaliyyətini izləmək və dəstəkləmək məqsədilə fəaliyyət göstərəcək.

ABŞ-nin planı çərçivəsində Qəzza zolağına yerləşdirilməsi nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türk əsgərlərinin də ola biləcəyi ehtimalı, Sülh Şurasında Türkiyənin prosesin mərkəzində yer almasından sonra daha da güclənib və Təl-Əvivdə narahatlıq getdikcə artır.

İsrail Baş naziri Netanyahu bazar ertəsi axşamı İsrail Parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı ABŞ-nin ikinci mərhələyə keçdiyini açıqladığı Qəzza Sülh Planı ilə bağlı Türkiyəni hədəf alan sərt bəyanatlar verib.

Netanyahu Qəzzada təhlükəsizliyi təmin etmək üçün yerləşdiriləcək Beynəlxalq Sabitlik Qüvvəsinə Türkiyə və Qətər ordularının qatılmasına icazə verməyəcəklərini iddia edərək bildirib:

“Türk əsgərləri və Qətər əsgərləri qətiyyən Qəzza zolağında olmayacaq.”