ABŞ-ın Venesuelaya qarşı keçirdiyi əməliyyat və ölkə prezidenti Nikolas Maduronun Nyu-Yorkda saxlanılmasından sonra beynəlxalq reaksiyalar artmaqdadır.
Sherg.az xəbər verir ki, Qrenlandiya və Kubadan sərt açıqlamalar səsləndirilib. ABŞ prezidenti Donald Tramp isə Venesuelada yerin altında olan böyük həcmdə sərvətin çıxarılacağını bəyan edib.
ABŞ-ın Venesuelaya yönəlik əməliyyatı və dövlət başçısı Nikolas Maduronun Nyu-Yorkda saxlanılmasından sonra hadisə beynəlxalq arenada geniş rezonans doğurub. Qrenlandiya və Kubadan gələn reaksiyalar Vaşinqtonun növbəti addımı ilə bağlı ehtimalları daha da artırıb.
“Yaxında” paylaşımı qalmaqala səbəb oldu
ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Millerin həyat yoldaşı Keti Millerin sosial şəbəkələrdə Qrenlandiyanı ABŞ bayrağının rənglərində əks etdirən görüntü paylaşaraq üzərinə “Yaxında” qeydi yazması Danimarkada narazılıq yaradıb. Danimarkanın ABŞ-dakı səfiri Jesper Möller Sörensen ölkənin ərazi bütövlüyünə hörmət göstərilməsini tələb edib və NATO müttəfiqliyi çərçivəsində bu mesajın ciddi qiymətləndirildiyini bildirib.
Kubadan sərt reaksiya
Kuba prezidenti Migel Dias-Kanel Maduronun saxlanılmasını “dövlət terrorizmi” adlandıraraq əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. Kuba hökuməti Venesueladan idxal edilən neftin ölkənin tələbatının təxminən 30 faizini ödədiyini bildirərək, tədarükün dayandırılmasının enerji infrastrukturu və iqtisadiyyat üçün ciddi risklər yaradacağını qeyd edib.
Rubio: “Havanada rəhbər olsaydım, narahat olardım”
ABŞ dövlət katibi Marko Rubio Venesuela əməliyyatından sonra Havanada vəzifəli şəxs olsaydı, narahatlıq keçirəcəyini deyib. Tramp isə Kubaya qarşı yeni hərbi əməliyyat planlaşdırmadıqlarını açıqlayıb və Venesuelada idarəçiliyin qısa müddət ərzində Rubio və ABŞ hərbi rəhbərliyi ilə koordinasiya şəklində davam etdiriləcəyini bildirib. Tramp müxalifət lideri Mariya Korina Maçadonu gündəmdən çıxardığını və ölkə daxilində real dəstəyə malik olmadığını da vurğulayıb.
Venesuelanı bundan sonra nə gözləyir?
ABŞ rəsmiləri Venesuelaya qarşı əlavə hərbi müdaxilə planlarının olmadığını bildirsələr də, Tramp ABŞ hərbçilərinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı suala “Torpaqda əsgər olmasından çəkinmirik” cavabını verib.