Ömer Bolat: Türkiyə şirkətləri indiyədək Azərbaycanda təxminən 560 layihə icra edib

Türkiyə şirkətləri Qarabağın bərpasına 5 milyard dollardan çox layihə ilə töhfə verib.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.

O deyib ki, Türkiyə şirkətləri bu günə qədər Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayıb.

Nazirin sözlərinə görə, Türkiyə podratçıları dünyada ümumilikdə yarım trilyon dollardan çox, 550 milyard dolları aşan dəyərdə, 12 min 600-dən artıq layihə ilə qlobal miqyasda ciddi nüfuz və uğur qazanıb. Bu çərçivədə, Türkiyə şirkətləri indiyədək Azərbaycanda təxminən 560 layihə icra edib.

Ö. Bolat vurğulayıb ki, xüsusilə qəhrəman Azərbaycan Ordusunun uğurları və şəhidlərin fədakarlığı nəticəsində azad edilmiş Qarabağın yenidən qurulması prosesində Türkiyə şirkətləri 5 milyard dollardan artıq dəyərdə layihələrlə iştirak edib.

Nazir bildirib ki, hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiyalar hesabına bölgə iqtisadiyyatının canlandırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam edir.

Ö. Bolat, həmçinin Azərbaycan–Türkiyə Birgə İqtisadi Komissiyasının dövlət rəhbərliyinin səviyyəsində yüksək səmərəliliklə fəaliyyət göstərdiyini qeyd edərək, aidiyyəti qurumların üzərlərinə düşən vəzifələri növbəti iclasa qədər tam icra etməyə çalışacaqlarını deyib.