Onlar həm suyu bulandırır, həm də Ermənistana “ayı xidməti” göstərir - RƏY

"Əminliklə deyə bilərəm ki, bəzi hallarda Avropa bürokratları məslənin mahiyyətindən bixəbər olurlar"

Bir zamanlar Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququnu təmin etməkdə laqeyd qalan Avropa Şurası, indi ermənilərin hüququndan danışır. Avropa Şurasının İnsan hüquqları üzrə komissarı M.Oflahertin Ermənistana səfərində, Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin “geri qayıtmaq” hüququna xüsusi diqqət yetirib. Halbuki, İnsan Hüquqları üzrə komissarın əsas vəzifəsi bütün icmaların hüquqlarını bərabər şəkildə qorumaqdır. Görünən odur ki, yalnız ermənilərin hüquqları vurğulanaraq, Avropa Şurasının “bərabərlik” prinsipi unudulub. Qərbi Azrərbaycan İcması komissarı insan hüquqları müstəvisində ayrı-seçkilik siyasətinə son qoymağa çağırıb.

Mövzu ilə bağlı araşdırmaçı-jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirib ki, Avropa Şurasının təmsilçisi bu mövqeyi ilə Ermənistana və erməni xalqına “ayı xidməti” göstərmiş oldu:

“Çünki həm Azərbaycanın dövlət başçısı, həm də Azərbaycan cəmiyyətinin müəyyən kəsimi Qarabağdan könüllü köçmüş ermənilərin, Qarabağda yaşamaq haqqını tanıdığını bildirib. Lakin nə rəsmi İrəvan, nə də erməni cəmiyyəti Qərbi Azərbaycandan olan insanların orada yaşamaq haqqını tanıdığını, nəinki bildirməyib, heç bu mövzunu müzakirə etməyi belə düşünməyib. Məhz buna görə, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bu mövzunun qapandığını elan edib. Avropalı bürokratların belə bəyanatları adətən protokol xatirinə olur. Azərbaycana mümkün təzyiqlər kimi nəzərdə tutulur. Əminliklə deyə bilərəm ki, bəzi hallarda Avropa bürokratları məslənin mahiyyətindən bixəbər olurlar. Beləliklə həm suyu bulandırır, həm də Ermənistana “ayı xidməti” göstərmiş olur”.

Aybəniz Səfərova