Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskini “Drujba” neft kəmərinin vəziyyəti barədə məlumatı gizlətməkdə ittiham edib. Orban bildirib ki, neftin Macarıstana çatdırılmasına texniki maneə yoxdur və Kiyev yoxlamalardan imtina edərək həqiqəti gizlədir.
Sherg.az xəbər verir ki, bundan əvvəl Slovakiyanın Baş naziri Robert Fitso da Ukraynanın Avropa İttifaqını neft nəqlinin mümkün olmadığına inandırmağa çalışdığını demişdi.
Ukrayna yanvarın sonunda “Drujba” kəməri ilə neft tədarükünü dayandırıb və bunu obyektin Rusiya hücumları nəticəsində zədələnməsi ilə izah edib. Slovakiya və Macarıstan isə kəmərin işlək olduğunu bildirərək qərarın siyasi motivli olduğunu iddia edir.
Tədarükün dayanmasından sonra Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini və Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq krediti bloklayıb.