Ox yaydan çıxdı: İran rejiminin sonu artıq zaman məsələsidir - ŞƏRH

ABŞ Tehranın nümayişçilərə qarşı hərəkətlərinə cavab olaraq İrana mümkün kiberhücumlar hazırlayır. Qeyd olunub ki, kiber əməliyyatlar İran rəhbərliyini etirazçılara qarşı güc tətbiq etdiyinə görə cəzalandırmaq məqsədi daşıyır.

 Tehranın mümkün hərbi ssenarilərlə bağlı mövqeyini açıqlayan İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi təhdidlərə baxmayaraq qabaqlayıcı addımlar atmaq niyyətində deyil. Bununla yanaşı, Əraqçının İranın istənilən təcavüzə qarşı əvvəlkindən daha yüksək səviyyədə hazır olduğunu vurğulaması regional təhlükəsizlik balansı və mümkün müharibə ehtimalları ilə bağlı sualları daha da aktuallaşdırır: “İran müharibəyə hazırdır. Amma qabaqlayıcı tədbirlər nəzərdən keçirilmir. İranın ona qarşı yönəlmiş istənilən təcavüzə müqavimət göstərməyə hazırlığı əvvəlkindən də yüksəkdir. İran müharibə istəmir, amma istənilən təcavüzə qarşı durmağa hazırdır. Hazırlığımız əvvəlkindən daha yüksəkdir”.

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan “Sherg.az” bildirib ki, İran prezidentinin islahat çağırışlarına mövcud sistemin əsas rəhbərlərinin biganə yanaşması yaxud əhəmiyyət verməməsi sosial partlayışla nəticələndi. Xüsusən də ABŞ və İsrailin əlinə dəstəvuz vermiş oldu:

“Əhalinin narazılığı pik həddə çatdı, amma bu narazılıq İran rejiminin öz səriştəsiz siyasəti sayəsində baş verdi. Hazırda vəziyyət, xalqın etirazı və kütləvi iğtişaşlar hakimiyyətin iqtisadi, siyasi tənəzzülü ilə bağlıdır. Ölkədə iqtisadi durum ağırdır və bunu dəfələrlə ölkə prezidenti Məsud Pezeşkiyan da açıq bəyan edib. O, hətta özünün islahatlar aparmasına rejimin mahiyyətinin mane olduğunu da dilə gətirməkdən çəkinməyib. Ona görə canı boğazına yığılmış xalqın etirazını ABŞ və ya İsrailin üstünə atmaq gülüncdür. Bu dövlətlər sadəcə öz maraqlarına uyğun olaraq hakimiyyətin dəyişməsini istəyirlər. Ancaq əsas səbəb teokratik rejimin qəddarlığı və əhalinin problemləri, hüquqlarının tapdanmasıdır. İqtisadi və sosial problemləri həll etmək və xalqı sakitləşdirmək əvəzinə ABŞ və İsrailin hərbi və dəniz mərkəzlərinə zərbə vurmağı düşünmək də rejimin siyasi təfəkkürünün tənəzzülüdür”.

T. İrfanın sözlərinə görə, etirazçı təbəqəni terrorçu adlandırmaq, əhalini kütləvi şəkildə qırmaq üçün bəhanə axtarmaq çaşqınlıq əlamətidir: “Ancaq rejim dərhal islahatlara söz versə, güc tətbiq etməkdən və etirazçıları kütləvi soyqırımı etməkdən çəkinib danışıqlara getsə vəziyyəti nəzarətə almaq, bəlkə də problemi həll etmək olar. ABŞ və İsrailin hədəflərinə zərbə endirməklə xalq geri qayıdıb evində oturmayacaq yaxud bu dövlətlər qorxub agentlərini geri çağırmayacaqlar. Əksinə İranın İsrail və ABŞ-ın nöqtələrinə hərbi müdaxiləsi molla rejiminin çöküşünü daha da sürətləndirəcək. İran molla rejimi xarici düşmən obrazının rolunu böyüdərək xalqı bu düşmənlə mübarizə ətrafında birləşdirmək, diqqəti yayındırmaq istəyir. Ölkədəki bütün yanlışlıqları, ağır durumu və problemləri İsrail və ABŞ-ın üstünə atmaqla sanki uşağı nağıllarla aldatmaq istəyir. Lakin prezident Pezeşkiyan bununla bağlı da bildirmişdi ki, ölkədəki ağır durumun səbəbkarı ABŞ və İsrail deyil, rejimin özüdür”.

Siyasi ekspert hesab edir ki, bu hərəkat rejimin sonunu gətirəcək, çünki artıq ox yayından çıxıb. Sadəcə zaman məsələsi var:

“Prezident dəfələrlə rejimə, siyasi teokratik sistemin qara pərdə arxasında oturan ideoloji dayaqlarına ismarıc yolladı ki, problemləri həll etmək lazımdır. Lakin onlar əhəmiyyət vermədilər. İndi İran rejimi etiraz edən xalqı qəddarlıqla qırmağa başlasa ABŞ-ın etirazçıları qorumaq üçün hərbi müdaxiləsi baş tuta bilər. Çünki çarəsiz etirazçılar kütləvi həbs olunub rejim tərəfindən öldürüləcəklər. Bunu rejimin başında duranlar dəfələrlə elan ediblər. Qeyd olunanlar ABŞ və İsrailin hərbi müdaxiləsinə zəmin yaradır ki, bu da müharibə deməkdir. Problem odur ki, rejim rəhbərliyi ideoloji - siyasi sistemin mahiyyətinə uyğun olaraq iki və daha çox ziddiyətli qola ayrılıb. Mühafizəkarlar, islahatçılar və digərləri. Bu da durumu daha da mürəkkəbləşdirəcən amildir. Görünür ki, ali dini liderin fikri sərt münasibət və etirazçıları cəzalandırmaqdır. Amma Prezident etirazçıları iki sinfə ayırır. Dinc etiraz edənlər və sərt, dağıdıcı iğtişaşçılar. Lakin rejim qüvvələri onlara qarşı öldürücü tədbirlər görərkən bu təsnifata diqqət edilmədiyini görürük ki, hətta yüzlərlə dinc etirazçı da qətlə yetirilib. Ümumiyyətlə gedişat vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir ki, bu da müharibə ehtimalını artırır”.