Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək. Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara dəyişiklikləri imzalayıb.
Dəyişikliyə əsasən ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri də xidmət göstərəcək. Bu da Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, Prezidentin qeyd olunan qanunlara dəyişikliyi təsdiqləməsi ilə təkcə ixtisaslaşmış tibb müəssisələri deyil, özəl klinikalar da onkoloji xəstələrə xidmət göstərəcək. Lakin bunun üçün özəl klinikaların əvvəlcə lisenziya alması gərəkdir:
- Özəl klinikalar onkoloji xəstələri qəbul edə bilmək üçün lisenziya almalıdır. Onlara səlahiyyət verilməlidir ki onkoloji xəstələri qəbul etsinlər, xidmət göstərsinlər. Lisenziya almaq üçün də gərək həmin tibb müssəsisə tələblərə cavab versin. Müayinə üçün lazımi aparatlar, avadanlıq, onkoloq həkimlər, bu sahəni bilən mütəxəssisləri olmalıdır. Əsas üstünlük budur ki, yerli poliklinikalar pasiyentləri göndərişlə özəl kliniklara yönləndirə biləcək. Və onkoloji xəstələrə ödənişsiz xidmət göstəriləcək.